Gəncədə polisli “Son zəng”

Gəncədə polisli “Son zəng”
  27 May 2013    Oxunub:1652
Gəncə şəhər Təhsil İdarəsinin daxili əmrinə əsasən, tədbirlər ancaq məktəb daxilində təşkil olunacaq.
AzVision.az-a Gəncə şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Eldar Hüseynovun verdiyi məlumata görə, Gəncə şəhərində "Son zəng" tədbiri mayın 31-də saat 10:00-da başlayacaq. Tədbirlər 3 saat ərzində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Son zəng tədbirlərində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.

Eldar Hüseynovun sözlərinə görə, məktəbdən kənarda keçiriləcək tədbirlərdə məktəb rəhbərliyi məsuliyyət daşımır: “Məktəbdən kənarda keçirilən hər bir tədbirdə məsuliyyət valideynlərin üzərinə düşür. Ona görə də uşaqlarının təhlükəsizliyini onlar özləri təmin etməlidir. Şagirdləri məktəbdən kənarda keçirdikləri tədbirlərdə gərək valideynlər yalnız buraxmasınlar".

E. Hüseynov məzunların həmin gün avtomobil idarə etmələrinə və xoşa gəlməz hadisələrin baş verməsinə də münasibət bildirib.

“Qeyd edim ki, bir çox valideynlər həmin gün övladının xətrinə dəyməmək üçün ona avtomobil idarə etməyə icazə verir. Dövlət Yol Polisi əməkdaşlarının valideynlərə xəbərdarlığına, müraciətinə qulaq asmayan belə valideynlər sonradan acı və xoşa gəlməz nəticələrlə üz-üzə dayanırlar”.

Bildirək ki, “Son zəng günü” Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti də gücləndirilmiş iş rejimində çalışacaq. Məktəblərdə polis növbələri təşkil ediləcək. Bununla bağlı Gəncə şəhər Təhsil İdarəsi adından, Gəncə şəhər Baş Polis İdarəsinə artıq məktubla müraciət edilib.

S.İltifatqızı


Teqlər:  





Xəbər lenti