Qarabağ üçün şans yaranır? – TƏHLİL

Qarabağ üçün şans yaranır? – TƏHLİL
  23 May 2013    Oxunub:1815
Rusya ilə Amerika arasında ümumi geosiyasi mövqelərin yaxınlaşması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də beynəlxalq fəallıq hiss olunmaqdadır.

ABŞ üçün Qafqazda təhlükəsiz enerji dəhlizinin formalaşdırılması və bu dəhliz vasitəsilə enerjinin Qərbə daşınmasının təmin olunması xüsusi əhəmiyyət daşıyır. Qafqazda Dağlıq Qarabağ kimi potensial münaqişə ocağının mövcudluğu enerji layihələrinin təhlükəsizliyini şübhə altına salır. Söhbət tək Azərbaycandan ixrac olunan neftdən getmir. Amerika və Avropa ölkələrinin planlarında artıq formalaşmış Cənubi Qafqaz enerji dəhlizi vasitəsilə Orta Asiya və Qazaxıstanın da enerji resurslarının idxalına nail olmaq var. Bu layihə Avropaya Rusiyanın enerji asılılığından çıxmaq və özünün enerji təmitana zəmanət qazandırmaq üçün yol açır.

Təbii ki, bu yolda əsas maneə Rusiyadır. Rusiya Avropaya neft və qazın ixracının öz ərazisindən həyata keçirilməsinə çalışır, eyni zamanda regionda münaqişə ocaqlarını saxlamaqla Qərbi Qafqazdan çəkindirməyə nail olmaq istəyir. Azərbaycan yaranmış ziddiyyətli vəziyyətdən öz maraqları naminə məharətlə istifadə edir. Dövlətin sürətlə silahlanması və ərazilərini hərbi yolla azad etməyə hazır olduğunu bəyan etməsi Qərbin enerji layihələrinin taleyilə bağlı narahatçılıq keçirməsindən qaynaqlanır.

Rusiyaya münasibətdə isə Bakının əsas məqsədi Moskvanı münaqişənin həllində maraqlı etməkdir. Belə ki, Azərbaycan sürətlə inkişaf edir və Rusiyanın təsir zonasından çıxır. Eyni zamanda, öz potensialı hesabına Gürcüstanın Rusiyanın dəstəyi olmadan ayaqda qalmasına, Qazaxıstan və Türkmənistanın Qərbə meyillənməsinə şərait yaradır. Kreml artıq anlayır ki, Azərbaycan onun nəzarətindən çıxır və buna görə Bakının özündən asılı saxlamaq yolları axtarır. Bu yollardan biri də Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqların intensivləşməsi və hər hansı irəliləyişə nail olunmasıdır. Məsələn, bir neçə işğal olunmuş rayonun ilk mərhələdə boşaldılması barədə Rusiyanın iştirakı ilə razılığın əldə olunması, sonradan problemin uzunmüddətli həllilə bağlı plan hazırlana bilər. Rusiyanın nəzarətində belə bir planın icrası Moskvanın Bakıya qarşı təsir rıçaqı qazanmasına fürsət verir. Təbii ki, Azərbaycan üçün hər bir variantda torpaqların hər hansı bir hissəsinin azad edilməsi mühüm irəliləyiş hesab oluna bilər.

Suriyada vəziyyətin tənzimlənməsi prosesinə Rusiyanın Amerika tərəfindən dəvət olunması Moskvaya Vaşinqtondan edilmiş jestdir. Bu fakt Rusiyaya artıq laxlamaqda olan beynəlxalq təsir gücünün yenidən möhkəmləndiyini dünya ölkələrinə nümayiş etdirmək şansı verir. Bundan əlavə, Moskvanın Yaxın Şərqdə qalması üçün əlavə ilişgən yaradır və Kreml həvəslə bu ilişgən vasitəsilə regionda təsirini saxlamağa niyyətlənib.

Bu güzəştlərin müqabilində Amerika Rusiyadan Qafqazda güzəştlərə getməsini istəyə bilər. Güman etmək olar ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqların intensivləşməsinə töhfə verən amillərdən biri də budur.

Yayılan məlumata görə, Rusiya ilə Azərbaycan xarici işlər nazirlərnin görüşündən sonra jurnalistlərə açıqlama verərkən Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qalmasının ölkəsi üçün də qəbuledilməz olduğunu deyib. Beləliklə, Lavrovun bu bəyanatı Moskvanın problemlə bağlı müəyyən irəliləyişə razı olduğuna işarədir. Məmmədyarovun bəyanatından isə aydın olub ki, konkret nəticələri Azərbaycandakı prezident seçkilərindən sonra gözləmək olar.

Yeri gəlmişkən, elə həmin brifinqdə Elmar Məmmədyarov Azərbaycanın “Avroviziya” müsabiqəsində Rusiyaya 10 bal verdiyi, lakin səslərin yoxa çıxması barədə məlumat verib. Qeyd etmək lazımdır ki, hazırkı məqamda bu faktor həm Rusiya-Azərbaycan münasibətləri baxımından, həm də münaqişənin həlli baxımından rol oynayır. Müsabiqə ilə bağlı ölkələrin səsverməsi həmin ölkə ictimayyətinin digər ölkəyə münasibətinin göstəricisi hesab oluna bilər. Məsələn, Rusiya Ermənistana 2 bal verdiyi halda, Azərbaycana 12 bal qazandırdı. Ermənistan Rusiyaya 7 bal verdiyi halda, Azərbaycanın 10 bal verdiyinin açıqlanması ölkələrdəki ictimai fikrin bir-birinə münasibətini göstərmək üçün mühüm vasitədir.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti