Müxalifət mitinqdən imtina etdi: Əli Kərimli tək qaldı

Müxalifət mitinqdən imtina etdi: Əli Kərimli tək qaldı
  11 Mart 2015    Oxunub:4372
Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklifi ilə Milli Şura martın 15-də mitinq keçirməyə qərar verib.

Milli Şura üzvlərinin iştirak edəcəyi mitinqin “Məhsul” stadionunda keçirilməsi planlaşdırılır.

Mitinqdə digər müxalifət partiyalardan kimlərin iştirak edəcəyi ilə maraqlandıq.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər AzVision.az-a açıqlamasında bildirib ki, mitinqin təşkilatçısı olmadıqlarına görə bu tədbirə qatılmayacaqlar:

“Təşkilatçısı olmağa qərar vermədiyimiz hər hansı bir tədbirdə partiya olaraq iştirak edə bilmərik. Amma üzvlərimiz vətəndaş kimi öz konstitusyon hüquqlarından istifadə edərək mitinqə qatıla bilər”.

Azərbaycan Liberal Partiyasının sədri əvəz Temirxan da partiyasının adı çəkilən tədbirə qatılmayacağını bildirib:

“Partiya üzvlərimiz könüllü şəkildə mitinqdə iştirak edə bilər. Buna heç bir məhdudiyyət yoxdur”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da mitinqə qatılmayacağını deyib.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev partiyasınınü zvlərinin bu mitinqə qatılacağını gözləmir:

“Biz partiya olaraq mitinqdə iştirakla bağlı qərar verməmişik. Üzvlərimizin də bu tədbirdə iştirak edəcəyini düşünmürəm. Buna baxmayaraq heç kimə qadağan edilməyib, istəyən üzv vətəndaş kimi bu mitinqə qatıla bilər”.

Qeyd edək ki, ötən gün Müsavat Partiyası açıqlama yayaraq Milli Şuranın mitinqinə qatılmacağını bəyan edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti