Ən çox silah alan və satan dövlətlər hansılardır?
Səudiyyə Ərəbistanı həmçinin Birləşmiş Ştatların silah alqı-satqısına görə bir nömrəli ticarət tərəfdaşına çevrilib. 2013-2014-cü illərdə Ər-Riyad ABŞ-dan hərbi texnika idxalını 54 faiz artırıb, bu il səudiyyəlilər Pentaqondan daha 9,8 milyard dollarlıq hərbi texnika alacaqlar. Bu il dünya bazarında silah və hərbi texnika almağa xərclənəcək hər 7 dolların 1 dolları Səudiyyə Ərəbistanının payına düşəcək. Ötən il Səudiyyə Ərəbistanı və Birləşmiş ərəb Əmirlikləri 8,6 milyard dollarlıq raket kompleksləri alıblar ki, bu da bütün Qərbi Avropa ölkələrinin aldığı hərbi texnikanın həcmindən çoxdur.
Ötən il ən çox silah və hərbi texnika satan ölkələrin siyahısında ilk üçlük dəyişməyib. Bu siyahıda ilk üç yeri yenə də ABŞ, Rusiya və Fransa tutur. Almaniya və Böyük Britaniya da ilk beşlikdə öz mövqelərini qorumağa müvəffəq olublar. Dünya silah bazarında ticarətin həcmi altıncı ildir artmaqda davam edir. Ötən il dünya dövlətləri arasında silah satışına dair 64 milyard dollarlıq sazişlər imzalanıb ki, bu da bir il əvvəlki rəqəmdən 7,2 milyard dollar çoxdur. Dünyada silah satışı dövriyyəsinin 33 faizi təkcə ABŞ-ın payına düşür. Vaşinqton ötən il təkcə Yaxın Şərq ölkələrinə 8,4 milyard dollarlıq silah satıb.
AzVision.az