Oğlunun sevgilisini baltalayan ataya cinayət işi açılıb

Oğlunun sevgilisini baltalayan ataya cinayət işi açılıb
  16 May 2013    Oxunub:1357
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il mayın 15-də saat 12.00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən «Ağdam» kafesində orada xadimə işləyən Könül Məmmədovanın qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və məhkəmə-tibb ekspertlərin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, digər təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, cinayəti Bərdə rayon sakini Adil Cəmilov törədib. O, oğlu Əlinin özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından narazı olub. Sonuncuya oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qadının bu münasibəti davam etdirməsi, eyni zamanda, mobil telefonuna nalayiq sözlərdən ibarət mesajlar göndərməsi onu bu cinayəti törətməyə vadar edib. Mərhumun işlədiyi kafeyə gələn A.Cəmilov özü ilə gətirdiyi balta ilə ağır xəsarətlər yetirərək qəsdən onu öldürüb.

A.Cəmilov tutularaq istintaqa cəlb olunub və ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti