Bakı metrosunda həyəcan
Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.
"Elmlər Akademiyası" stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.
"Hörmətli sərnişinlər, ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla bilərsiniz", - deyə növbətçi bildirib.
Eskalator bir neçə dəfə dala və qabağa işləyib. Sonra isə yenidən işə düşüb.
Hadisə ilə bağlı Bakı metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Ana-ə verdiyi məlumata görə, hadisə sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş verib.
“Hadisə saat 08:10-da baş verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat 08:17-də təkrar işə salınıb”, - deyə Nəsimi Paşayev bildirib.
Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət edib:
“Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki, metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər”