İŞİD Kobanini ələ keçirdi
AzVision.az-ın Britaniyanın “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, videoda şəhərin ələ keçirilməsi barədə xəbəri iki ildən bəri terrorçuların girovluğunda olan jurnalist Con Kentli verir.
Video görüntülər təmiz havada, şəhər fonunda çəkilib. Kentli bəyan edir ki, İŞİD yaraqlıları şəhərin mərkəzindədir və təşkilat şəhərin şərq və cənub hissələrinə nəzarət edir. Jurnalist həmçinin bəyan edib ki, Suriya ilə sərhədə dalğalanan Türkiyə bayrağını da görür: “Kobani uğrunda mübarizə artıq sona çatır. Yaraqlılar şəhəri kürdlərdən təmizləyirlər”.
Daha əvvəl 43 yaşlı foto-jurnalist bir neçə dəfə İŞİD tərəfindən yayılan videolarda görüntülənib. O, bu görüntülərdə İŞİD yaraqlılarının əldə etdiyi uğurlar barədə danışıb.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev