Elmar Vəliyevin işlərinə niyə kölgə salınır?

Elmar Vəliyevin işlərinə niyə kölgə salınır?
  02 May 2013    Oxunub:1343
“Yeni Müsavat” qəzetinin bu günki sayında “Prezident Elmar Vəliyevi ölümünə danlayıb” başlıqlı yazı dərc olunub. Qəzetin iddiasına görə, bu günlərdə ölkə başçısının qəbuluna gələn icra başçısı camaatla kobud davrandığına, şəhər büdcəsini talan etdiyinə və başqa məsələlərə görə möhkəm tənbeh edilib.
Ancaq Gəncəyə bələd olan və bu şəhərdə yaşayan hər bir şəxs Elmar Vəliyevin başçı təyinatından sonra şəhərdə aparılan abadlıq-quruculuq işlərinə qibtə edir. Təbii ki, hansısa bir yolun, prospektin genişləndirilməsi üşün kimlərinsə mülkiyyəti dövlət ehtiyacı üçün alınır. Bu prosesdə isə hansısa qanunsuzluqlar müşahidə olunmur.

Hələ iki il öncə Milli Məclis mülki qanunverciliyə dəyişiklik edib. Qanuna görə, dövlət ehtiyacı üçün vətəndaşların mülkiyyəti alına bilər. Təbii ki, onun dəyəri ödənilməklə bu olmalıdır. Gəncədə evi, obyekti sökülən istənilən şəxs iddia edə bilməz ki, ona bunun dəyərini ödəməyiblər. Hətta Gəncənin köhnə darısqal, işıqsız məznillərində yaşayan insanlar bu gün geniş sahəsi olan evlərlə təmin olunurlar. Əgər doğrudan da bu prosesdə qanunsuzluq olubsa, o zaman niyə, öz mülkiyyətindən məhrum edilən vətəndaşların şikayətinin şahidi olmamışıq? Əgər kiminsə mülkiyyəti zorla əlindən alınıbsa, o zaman Gəncənin Kəpəz və Nizami rayonlarında saysız –hesabsız məhkəmə prosesləri olardı. Demək ki, mediada yazılanlar reallıqlardan uzaqdır.

Elmar Vəliyevin Gəncəyə rəhbər təyin olunmasından ötən müddət ərzində bu şəhərdə aparılan yenidənqurma, abadlıq işləri kütləvililiyi ilə seçilib. Xüsusilə, Gəncənin giriş qapısının yenidən tikilməsi, Bakıdan sonra Heydər Əliyev Mərkəzinin məhz Gəncədə inşa olunması, dahi şairimiz Nizami Gəncəvinin adına Muzeyin, Filarmoniyanın tikintisi, böyük Olimpiada Kəndinin salınması, şəhərin əsas yolların genişləndirilməsi, sabiq icra başçısının dövründə sakinlərin çayxana əlindən belə girə bilmədiyi bərbad parkların yenidən qurulması göz önündədir.

Elmar Vəliyevə qarşı irəli sürülən iddialardan biri də korrupsiyadır. Sual yaranır, ölkə başçısı tərəfindən Gəncəyə ayrılan pullar şəhərin abadlığı üçün sərf olunmayıbsa, bəs görülən bu işlər necə başa gəlib? Xüsisilə, şəhərin abadlığı üçün Türkiyədən və digər xarici ölkələrdən gətirilən inşaat materiallarını bəlkə Elmar Vəliyevə həmin ölkələr hədiyyə edib?

Elmar Vəliyev gəncəlilərin yaddaşında həm də bu şəhəri böyüdən başçı kimi qalacaq. Məhz onun rəhbər olduğu dönəmdə Milli Məclis Daşkəsən, Samux, Göygöl rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edərək, Gəncənin ərazisini xeyli böyütdü.

Elmar Vəliyevin guya prezidentin qəzəbinə tuş gəlməsi barədə danışanların və yazanların nəzərinə yaxın tarixdən bir məqamı da çatdırmaq yerinə düşər. Elmar Vəliyevin başçı təyinatından cəmi bir neçə ay sonra prezident Gəncəyə səfər etdi. Şəhərdə aparılan dəyişiklikləri müsbət dəyərləndirən İlham Əliyev “Belə getsə, Gəncə Bakını keçəcək” deyərək, yeni başçının fəaliyyətindən razılığını ifadə elədi. Təbii ki, bu ölkə rəhbərinin onun etimadını doğruldan məmurundan məmnunlunğunun ifadəsi idi. Başqa şərhə ehtiyac yoxdur...


Teqlər:  





Xəbər lenti