Azərbaycanda reklam özbaşınalığı - qanun dəyişir

Azərbaycanda reklam özbaşınalığı - qanun dəyişir
  21 Oktyabr 2014    Oxunub:5708
“Azərbaycanda reklamlarda dövlət dilindən, o cümlədən milli, mənəvi dəyərlərdən istifadə olunmalıdır”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov “Reklam haqqında” hazırlanan yeni qanun layihəsi haqda danışarkən deyib. Milllət vəkilinin sözlərinə görə, “Reklam haqqında” qanun qəbul olunanda Azərbaycanın reklam bazarının dövriyyəsi cəmi 200 min dollar idi.

“Hal-hazırda isə Azərbaycanın reklam bazarının dövriyyəsi təxminən 70-80 milyon dollardı. Keçən 17 il ərzində Azərbaycanın reklam bazarında çox böyük dəyişiklik olub. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib və bununla əlaqədar olaraq reklam bazarında çox ciddi problemlər yaranıb. Ona görə də biz yeni “Reklam haqqında” qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Milli Məclisdə bu qanun layihəsinə baxılacaq. Bu qanun layihəsi tamamilə yeni qanundur. Köhnə qanundan təxminən 70-80 faiz fərqlənir. Bu qanunun qəbul olunması Azərbaycan reklam bazarında müəyyən özbaşınalıqları aradan qaldıracaq”.

Milli Məclisin üzvü qeyd edib ki, yeni hazırladıqları “Reklam haqqında” qanunda Azərbaycan dilinə üstünlük verilməsi xüsusilə öz əksini tapıb.

“Bu ən önəmli məsələlərdən biridir. Qanunda göstərilir ki, reklamda dövlət dilindən, o cümlədən milli, mənəvi dəyərlərdən istifadə olunmalıdır. İnsanların şərəf və ləyaqətini aşağılayan, etik normalara uyğun olmayan sözlərdən istifadə edilməli deyil. Reklam məsələsində xarici dildən istifadə etmək olar, amma həmin söz dövlət dilinin mətnindən sonra yerləşdirilməlidir. Həmçinin yeni hazırlanan qanun layihəsində haqsız, qeyri-dəqiq, gizli reklamların qarşısını almaq üçün məsələlər yer alıb. Bu qanunda təkzibedici reklamın verilməsi məsələsi öz əksini tapıb. Əgər haqsız reklam olarsa, onun düzgün olmaması barədə təkzibedici reklam verilir. Reklamı qadağan olunan bəzi mallar var ki, onların reklam edilməsi qadağan olunacaq. Çünki həmin reklamlar insanların sağlamlığına, psixologiyasına mənfi təsir göstərir. Ümumilikdə yeni hazırlanan qanunda bir çox məsələlər yer alıb”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti