Ombudsmanda səfir Koray Tarqayla görüş olub
E. Süleymanova ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb, fəaliyyət dövrü ərzində bu nüfuzlu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığı, səmərəli təcrübə mübadiləsinin aparıldığını, MPM-in iki illik hesabatlarının tərcümə edildiyini, həmçinin Müvəkkilin regional əməkdaşlar üçün seminarların təşkil edildiyini söyləyib.
Ombudsman qonaqlara müvafiq dövlət məmurları, hüquqşünaslar və hüquq fakültəsinin tələbələri tərəfindən asanlıqla mənimsənilməsi məqsədilə bir sıra hüquqi nəşrləri vahid bir məcmu şəklində hazırlanıb çap edilməsini tövsiyə edib.
O, qonaqlara İşgəncə Əleyhinə Assosiasiyanın “Polisdə Həbsin Monitorinqi” adlı praktiki bələdçi kitabının Azərbaycan dilinə tərcüməsinin məqsədəuyğun olduğunu söyləyib. Müvəkkilin bu təklifi qonaqlar tərəfindən müsbət qarşılanıb.
K. Tarqay insan hüquqlarının müdafiəsində böyük rol oynayan ikitərəfli əlaqələri yüksək dəyərləndirib. Daha sonra o, layihə çərçivəsində gələcək əməkdaşlığın insan hüquqlarının müdafiəsi istiqamətində səylərin artırılması prosesində mühüm rol oynayacağını ifadə edib.