Əmək nazirləri İlham Əliyevin qəbulunda - FOTOLAR

Əmək nazirləri İlham Əliyevin qəbulunda - FOTOLAR
  26 Aprel 2013    Oxunub:1655
Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib.
Prezident son illərdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda nazirlər səviyyəsində beş konfransının keçirildiyini, bu tədbirin də nəticələrinin uğurlu olacağına əminliyini bildirib.

“Bu, onu göstərir ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda, ölkəmizdə təşkilatın xətti ilə mötəbər tədbirlər keçirilir”, deyən prezident İlham Əliyev bu konfransda müzakirə olunan məsələlərin bütün ölkələr, eyni zamanda, Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində böyük işlərin görüldüyünü bildirib. Azərbaycan prezidenti Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu deyərək bunun aradakı birliyi daha da möhkəmləndirəcəyini diqqətə çatdırıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Mofarrej əl-Hoqubani konfransın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə nazirlər adından prezident İlham Əliyevə təşəkkür edib.

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını prezident İlham Əliyevə çatdırıb.

Küveyt dövlətinin əmək və sosial məsələlər naziri Zikra əl-Rəşidi ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlara görə prezident İlham Əliyevi təbrik edib.

Fələstinin əmək naziri Əhməd Məcdalani prezident Mahmud Abbasın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb, Azərbaycanın hər zaman Fələstin xalqının yanında olduğunu deyib.

Prezident İlham Əliyev yekun çıxışında bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının təməlində islam aləminin birliyi dayanır və Azərbaycan islam ölkələri arasında əməkdaşlığın möhkəmlənməsi üçün əlindən gələni edir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafının zəruri olduğunu deyən dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub, islamofobiya meyillərinin aradan qaldırılmasının vacibliyini bildirib.

Prezident İlham Əliyev sonda bir daha konfransın işinə uğurlar arzulayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti