Azərbaycanda ölümcül Ebola təhlükəsi

Azərbaycanda ölümcül Ebola təhlükəsi
  12 Avqust 2014    Oxunub:9167
Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı günü-gündən artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.

ÜST-ün hesabatında bildirilir ki, bu xəstəlikdən ölənlərin sayı 887 nəfərə çatıb. Əvvəlki hesabatda isə Syera Leon, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü qeyd olunurdu. ÜST-nin məlumatına görə, fevral ayından bəri 1603 yoluxma halı qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Ebola virusu ilə mübarizə məqsədilə yaxın bir ay ərzində 50 səhiyyə eksperti göndərəcəyini açıqlayıb.

Bildirək ki, ilk olaraq 1976-cı ildə Kongoda görülən və adı Afrikadakı bir göldən götürülən Ebola virusu ishal, baş ağrısı, qusma, dəri töküntüləri və yüksək bədən tempreraturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb. Müalicəsi və peyvəndi olmayan virüs, xəstədən sağlam insana asan keçir.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Xəstəlik ikin olaraq qızdırma ilə başlayır və sonradan digər əlamətlər özünü göstərir. Xəstəliyin sürətlə yayılması artıq ÜST-ü narahat etməyə başlayıb və xəstəliyin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinə başlanılıb.

Afrtika ölkələrində mindən çox insanın ölümünə səbəb olan Ebola virusunun Azərbaycanda yayılma təhlükəsi varmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az-a açıqlamasında Ebola virusunun əslində başqa bir virus olduğunu deyib və bildirib ki, sözügedən virus Ebola virusuna oxşamır və kəskin qızdırma törətdiyinə görə belə adlanıb:

Ekspertin sözlərinə görə, genetik xarakteri baxımından, Ebola virusu daha çox quduzluq virusuna yaxındır:

"Bu səbəbdən onun törətdiyi əlamətlər də nevroloji pozuntular yaradır. Necə ki, quduzluq virusuna yoluxmuş insanda sudan, işıqdan qorxma kimi hallar baş verir, burada da bu tip nevroloji pozuntular olur və bu kimi hallardan insan dünyasını dəyişir. Vaxtında aparılan müalicə bir neçə ay müddətində nəticə verə bilər. Qalan hallarda isə bu xəstəlik birmənalı olaraq ölümlə nəticələnir. Virusun hava, damcı yolu və yaxud da ki, digər yollarla yayılması haqqında qəti olaraq əhaliyə məlumat verilmir. Ancaq yoluxma hallarında əsas mənbə həşəratlar və gəmiricilərdir. Hesab edirəm ki, bu, təkcə yayıldığı ölkənin problemi deyil. ÜST-ün problemidir və bütün ölkələr bu məsələdə həmin ölkəyə kömək göstərməlidir və ən azından texniki və digər yardımlar edilməlidir ki, infekiya yerində lokallaşa bilsin. Bu infeksiyanın yayılması ehtimalı dünyanın bütün ölkələrində mümkündür. Virus üçün bariel ola bilməz. Çünki virus insandan insana keçir, əgər hava damcı yolu ilə keçirsə, deməli, o sərhəd tanımır. Başqa yolla, kontakt vasitələrlə, qanla keçirsə o zaman da onun qarşısının alınması üçün tədbirlər görülməlidir”..

A.Qeybullanın sözlərinə görə, Azərbaycanda da bu virusun yayılma təhlükəsi yarana bilər.

Hər halda xəstə bir adamın transərhəd zonalardan Azərbaycana gəlməsi yetərlidir ki, o virus burada yayıla bilsin. Yəni sərhədlərimiz elə şəffaf deyil. Hər halda, Azərbaycana da bu virusun yayıldığı yerdən gedib-gələnlərin transsərhəd zonasında yoxlanması yaxşı olardı. Birbaşa bu virus yayılan ərazidən gələn miqrantların, oraya gedən şəxslərin qayıtdıqdan sonra yoxlanması vacibdir. Çünki bu virus ölkəyə daxil olsa, bizim üçün də xeyli problem yaşana bilər.Təkcə quru yolları ilə yox, həm də hava yolları ilə Azərbaycana gediş-gəliş var və bu cür viruslar çox asanlıqla Azərbaycana yayıla bilər”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti