Baş Prokurorluqda MÜŞAVİRƏ: nəticələr açıqlandı

Baş Prokurorluqda MÜŞAVİRƏ: nəticələr açıqlandı
  31 İyul 2014    Oxunub:1692
Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə AzVision.az-a Baş Prokurorluqdan məlumat verilib.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Prokurorluğun digər hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işinin nəticəsidir ki, hesabat dövründə qeydə alınmış 95 qəsdən adam öldürmə cinayətinin (2013-ci ilin müvafiq dövründə 106 hadisə) 84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub.

Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində, habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.


Əməliyyat müşavirəsində qeyd edilib ki, 2014-cü ilin birinci yarımilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 7.135 (2013-cü ilin müvafiq dövründə 6.538) cinayət işinin istintaqı yekunlaşdırılmaqla, 6.330 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, müddət pozuntusu ilə istintaq olunma 9,6 faizə enib (2013-cü ilin birinci yarımilində 10,8 %).

Hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya 39,3 faizinin, Daxili işlər orqanları üzrə isə 6 milyon 600 min manatının və ya 71,2 fazinin ödətdirilməsi təmin edilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi və 449 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə movcud olan qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 398 təqdimat verilib.

Müşavirədə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə cari ilin 30 iyun - 01 iyul tarixlərində Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın əhəmiyyəti xüsusi vurğulanıb.

Hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə həyata keçirilən mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğu qeyd edildi. Ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib.

2014-cü ilin birinci yarımilində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılmış, həmçinin 169 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 53%-i üzrə cinayət işi başlanmışdır. 2014-cü ilin I yarımili ərzində idarə tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Müşavirədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarına, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Ötən ilin ikinci yarımilində 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tam şəffaflıq və obyektivlik şəraitində qısa müddətdə başa çatdırılması barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 52 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, müxtəlif pozuntulara yol verdiklərinə görə 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilmişlər. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə bütün struktur qurumların rəhbərlərindən tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Baş prokurorun hesabat məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Xüsusi qeyd edilib ki, prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması təmin olunsun.

Müşavirədə həmçinin, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlərin görülməsinə dair konkret göstərişlər verildi.

Xüsusi göstəriş verildi ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin edilsin.

Müşavirədə 2014-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun 2014-cü il iş planının icrası və ikinci yarımilin iş planı barədə Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məlumatları dinlənilib.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, xüsusilə prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.


Teqlər:





Xəbər lenti