Abbas: "Trampın Qəzzanı ələ keçirmə planı yolverilməzdir"

      Abbas:    "Trampın Qəzzanı ələ keçirmə planı yolverilməzdir"
  05 Fevral 2025    Oxunub:359
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Donald Trampın "Qəzza zolağının ABŞ tərəfindən nəzarətə götürlməsi"nə dair planına reaksiya bildirib.
Bu barədə onun ofisi yazılı bəyanat yayıb. Bəyanata əsasən, prezident vurğulayıb ki, Fələstin xalqının qanuni hüquqları müzakirə mövzusu deyil:

"Donald Trampın qəzzalıları zolaqdan köçürərək burada guya bərpa-quruculuq işləri aparmaq üzrə planına qəti şəkildə etirazımızı bildiririk. Onilliklər boyu mübarizə apardığımız, uğrunda böyük fədakarlıqlar göstərdiyimiz xalqımızın hüquqlarının pozulmasına imkan verməyəcəyik”.

Xatırladaq ki, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçün xüsusi planını diqqətə çatdırıb.
Tramp Qəzzanı ələ keçirir

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - Tramp vurğulayıb.

Fələstin Prezidentinin, həmçinin HƏMAS terror təşkilatının etirazına baxmayaraq, ABŞ liderinin planı istər İsraildə, istərsə də ABŞ-də müsbət qarşılanıb. İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib.

"Şübhəsiz ki, HƏMAS-la mübarizəmizin biri Qəzza zolağının İsrail üçün təhlükə yaratmamasına çalışmaqdır. Prezident Tramp isə bu məqsədi daha da yüksək pilləyə qaldırdı. O terrorun, terrorçuların yuvasına çevrilmiş ərazi üçün fərqli gələcək görür", - o, mətbuat konfransında deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fələstin   Qəzza   ABŞ   plan  





Xəbər lenti