Medianın dalda türkün sözü, qalmaqlığı
Deyəndə ki, `mediamız dalda qalıb`, bunu sözün hərfi mənasında başa düşmək lazımdır. Yəni mediamız dünya ilə müqayisədə təkcə maddi və peşəkarlıq kimi cəhətlərdən yox, ideya və məzmun baxımından da dalda ilişib qalıb. Aydınlıq üçün əvvəlcə `dalda qalmaq` ifadəsini bir az çözüb, sonra mediamızın niyə orda qaldığına və qalmaqda israrlı olduğuna keçəcəyik.
Bu sözün çox dərin anlamı var. Prinsipcə eyni mənada biz `arxada qalmaq`, `geridə qalmaq` da deyə bilərik. Amma məhz `dalda qalmaq` deyirik. Niyə? Ona görə ki, bu zaman ötürülən məna dolğunlaşır, həcm qazanır, belə deyək, 3D olur. Burada `dal` sözünün fizioloji mənası məkanda geriləməklə çuğlaşır və məna ahəngi meydana çıxır. Rus dilində belə bir ifadə var: `Ты в ж..е`. Yəni sən sözün biədəb mənasında daldasan. Bizim dildə “dal” sözü bu mənaların hər ikisini birləşdirir: əgər sən məkan olaraq dala qalmısansa, deməli, sən bədəndəki yerin etibarilə də daldasan, yəni `Ты в ж..е`. Dala qalmısansa, halın budur, yəni.
Bu bir qədər uzun, amma zəruri girişdən sonra keçək medianın dalda qalmasına. Azərbaycan mediasında, xüsusilə də elektron mediada belə bir yanaşma var ki, sən yer/reytinq olaraq dalda qalmaq istəmirsənsə, məzmun olaraq sözün o biri mənasında dalda qalmalısan. Niyə? Çünki oxucu `dal` sözü ilə ifadə olunan yerə və onun ətraf bölgələrinə həmişə çox maraqla yanaşır. Və əgər sən mövzu-məzmun baxımından həmin bölgədən çox uzaqlaşmasan, onda dalda qaldığın üçün dalda qalmayacaqsan.
Burada oxucunu qınamaq fikrindən uzağam. İnsan prinsipcə nəsil artırmaq üçün köklənmiş bioloji mexanizmdən başqa bir şey deyil. Onun bütün genetikası buna görə proqramlaşıb. Bu sadə səbəbdən, nəsilartırma ilə bu və ya digər dərəcədə bağlı olan hər bir şeyə avtomatik reaksiya verir. Məsələn, bir kişi çılpaq ayaq şəkli görən kimi refleksiv olaraq türkün sözü, ora tıklayır. Çünki çılpaq ayaqlar onun altşüurunda nəsilarıtrma imkanı ilə assosiasiya olunur. Eləcə də digər çılpaq əzalar. Xüsusilə də diametri iri olan çanaq öldürücü silahdır, çünki kişinin altşüuru bilir ki, qadının çanağı nə qədər enli olarsa, doğacağı uşaq bir o qədər sağlam çıxacaq, buna görə də avtomatik ona meyl edir. Yeri gəlmişkən, Kim Kardaşyanın Azərbaycan mediasında bu dərəcədə populyar olmasının səbəblərindən biri də budur yəqin ki.
Yəni bunlar hər kəsdə olan təbii, bioloji instinktlərdir. Amma bizim media vicdansızcasına bu instinktləri biznes məqsədilə istismar etməyə çalışır. Nəticədə ortada təbii cinsi instinktlər üzərində qurulmuş media formalaşır. Azərbaycanın əksər saytları sanki kütlənin nəsilartırma instinktini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Hər gün `soyundu` sözü ilə qurulmuş neçə başlığa rast gəlirik. Çünki artıq bu `temanı tutublar`: nəsilartırma instinktlərinə müraciət ən zəmanətli yoldur. Oxucu xəstəxanada bədəninin 90%-i gipsdə reanimasiyada uzanmış olsa da, `soyundu` sözünə reaksiya verəcək, çünki bu proqram onun genində yazılıb. Necə ki, Terminatorun proqramında `öldür` yazılmışdı və o, bədəninin yarısı qalanda belə, sürünə-sürünə öldürməyə gedirdi, insanın da proqramında `nəslini artır` yazılıb və o, ölənə qədər bu missiya ilə bağlı olan hər şeyə maraq göstərəcək. O cümlədən də `soyundu` xəbərlərinə.
Dediyim kimi, oxucunu qınamıram, o, sadəcə olaraq, genetik proqramının və reflekslərinin təsirilə hərəkət edir. Mənim gileyim bu reflekslərdən vicdansızcasına istifadə edən mediayadır. Normalda media orqanları mövzusuna görə təxminən belə təsnif olunur: ictimai-siyasi, iqtisadi, əyləncə, hansısa digər mövzu üzrə ixtisaslaşmış... Dünyanın heç bir yerində məsələn, çılpaq bədən üzvü görmək istəyən oxucu ictimai-siyasi sayta girmir. Bunun üçün çoxlu ixtisaslaşmış saytlar var, orada ən müxtəlif janrda erotika, pornoqrafiya tapmaq olar. Amma bizdə jurnalistlər nəyə görəsə bunu başa düşmək istəmirlər.
Nəticədə saytların təsnifatı pozulur, ara qarışır, məzhəb itir. Ciddi ictimai-siyasi xəbərlə seks mövzusu yanaşı gəlir. Blmirsən hansı saytın məqsədi nədir. Sadəcə giriş sayını artırmaq məqsəd ola bilməz axı. Bazarın seqmentləşməsi anlayışı da var. Sən telefon almaq istəyəndə `Cotton`a getmirsən axı... Və `Cotton` da `World Telecom`la yox, məsələn, `Rodi` ilə rəqabət aparır. Bu, normal halda belədir. Amma təsəvvür eləyin, girmisən `Samsung` mağazasına və planşetlərin böyründə qadın alt paltarları asılıb. Belə mağaza haqqında nə düşünərsiniz? Bax, bizim saytlar eynilə həmin mağazaların günündədirlər.
Əgər bir sayt intim mövzular və ya şou-biznes seqmentinə girmək istəyirsə, özünün xüsusi layihəsini hazırlasın – məsələn, show.azvision.az (belə bir şey yoxdur, misal üçün deyirəm),- və həmin seqmentdə rəqabətə girsin. Əks halda, ictimai-siyasi mövzuların arasında elə xəbərləri vermək dovğa ilə paxlava yeməyə bənzəyir. Əvvəlcə özün üçün müəyyən eləmək lazımdır ki, oxucunun hansı orqanı üçün işləyirsən - Beyni, yoxsa nəsilartırma orqanları üçün?