“Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək”

“Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək”
  11 Oktyabr 2024    Oxunub:792
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, nazir “Yuğ” teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib. Bildirilib ki, teatr maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də ölkəmizi uğurlu təmsil edir.

Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın heyəti ilə görüşə gəldiyi üçün nazirə təşəkkür edib. Direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.

Adil Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib. Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti