Tezalışan proqnoz: 70 dollar büdcə üçün riskli qiymətdir | TƏHLİL

      Tezalışan proqnoz:    70 dollar büdcə üçün riskli qiymətdir    | TƏHLİL
  06 Oktyabr 2024    Oxunub:1580
Ölkəmizin valyuta gəlirləri xam neft satışından əldə olunduğundan, büdcəmizdə onun hansı səviyyədə proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Düzdür, dünya bazarlarındakı qiymət konyunkturası dövlət büdcəsinə birbaşa təsir etmir. Lakin büdcənin icrası, xüsusən investisiya xərcləri neftin qlobal bazar qiymətinin qabaqcadan necə fiksə olunmasından çox asılıdır.
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqustunda təqdim edilən proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 ABŞ dolları, 2026-2028-ci illər üçün isə 65 ABŞ dolları götürülüb.

2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları götürülməklə dövlət büdcəmizin gəlirləri ÜDM-in 28,3%-i həcmində, yəni 36 milyard 616 milyon manat nəzərdə tutulub ki, bunun 46,6%-i və ya 17 milyard 73 milyon manatı neft-qaz, 53,4%-i və ya 19 milyard 543 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür.

Cari ilin büdcəsində neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları götürülmüşdü. Ancaq yanvar-aprel ayları ərzində makrofiskal göstəricilər və eyni zamanda dünya enerji bazarlarındakı münbit qiymət konyunkturu şəraitinin yaratdığı zəmin əsasında ilin ortasında 75 dollara qaldırıldı. Gələn ilin büdcəsində qiymət cari ildəkindən cəmi 5 dollar aşağı proqnozlaşdırılıb. Dünya bazarlarında son həftələrdə müşahidə edilən volatillik, yəni qiymət dəyişkənliyi fonunda isə gələn ilin büdcəsində neftin qiyməti 50-55 ABŞ dollarından yuxarı nəzərdə tutulmalı deyil. Odur ki, sual yaranır: 70 dollar risklidirmi?
“Qara qızıl”ın dərdi varmış... | TƏHLİL

Müəyyən baxımından, bəli! Məsələ bundadır ki, illər keçdikcə ənənəvi enerji mənbələrinin, yəni neftin və qazın istehlakına tələbat sıxışdırıldıqca qiymətlər enməyə meyl nümayiş etdirsə də, bizdə əksinə, proqnozlar yüksəldilir. Neftin qlobal bazar qiymətlərilə bağlı dəqiq proqnoz irəli sürmək mümkün deyil. Onu formalaşdıran səbəblərin arasında obyektiv və subyektiv amillər var. Bəzən hətta adi bir siyasətçinin neftlə bağlı bəyanatı qiymətlərə təsir edir. Ancaq əsas etibarilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır.

2025-ci il üçün 70 ABŞ dolları yüksək proqnozdur. Çünki hazırki gərgin geosiyasi, həmçinin qlobal iqtisadiyyatda qeyri-müəyyən vəziyyət fonunda belə qiymətlər əgər 70 dollar civarındadırsa demək, tələbat təklifdən aşağı səviyyədədir. Qlobal tələbdə bu gün vəziyyət əvvəlki kimi deyil, çox şey dəyişib və dəyişməkdə davam edir. Bir tərəfdə real olaraq satdıqlarından daha çox həcmdə neft satmaq istəyən ölkələr qrupu var, digər tərəfdə isə neftdən istifadəni tədricən azaltmaq istəyində olan və bu sahədə müvafiq siyasət yürüdən ölkələr. Ona görə də qiymətləri sabit saxlamaq üçün hasilatı aşağı həddə tutmaq zamanın tələbi sayılır. Buna isə nəzarət lazımdır. Əsas nəzarətçi qurum olan OPEC+ ölkələri bu funksiyanı getdikcə daha pis yerinə yetirir. Qurumun iki ən nəhəng üzvü olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında əvvəllər hansısa razılıq əldə olunardısa, bazar dərhal reaksiya göstərirdi, indi isə belə deyil.

Sözün qısası, neftin qiymətinə dair dəqiq proqnoz irəli sürmək mümkün deyil. Xüsusən də uzunmüddətli perspektivdə. Ancaq buna rəğmən, qiymətlər nə qədər ensə də, yaxın perespektivdə 60 dollardan aşağı düşəcəyi gözlənilmir. Çünki bu, irili-xırdalı heç bir hasilatçı ölkə üçün sərfəli deyil. Azərbaycan üçün də. Odur ki, 2025-ci il üçün xam neftin bir barrelinin orta illik ixrac qiymətinin parlamentdə büdcə müzakirələri zamanı heç olmasa 65 dollara endirilməsi daha məqsədəuyğundur.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti