Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilib

Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilib
  30 Sentyabr 2024    Oxunub:819
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları 26-30 sentyabr tarixlərində İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2024” qida festivalında tanıdılıb.
Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slow Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slow Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.

Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışından motal pendiri, Qafqaz dağ balı, tərxun şərbəti, gül və nanə suyu, o cümlədən Azərbaycanda yox olmaq təhlükəsi ilə üzləşən 30-dan çox məhsulun nominasiya edildiyi “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.

Azərbaycan milli şirniyyatları - qovut, şəkərbura, paxlava, qoğal, riçal, gülqənd, səməni halvası, firni və əncirfərəc sərgi iştirakçılarına milli çay süfrəsinin elementləri kimi nümayiş etdirilib. Festival zamanı “Slow Fud” menyusunun yaradıcısı, usta aşpaz Orxan Muxtarov tərəfindən “Xüsusi işlənmiş ət – qovurma” mövzusunda praktik seminar keçirilib. Seminarda ziyarətçilərin qovurma ilə yanaşı, Mədrəsə şərabı və yabanı bitkilərdən hazırlanan turşulardan da deqsutasiya etmək imkanları yaradılıb.

Festival çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ölkə stendini ziyarət edən “Slow Food” təşkilatının Baş direktoru Paolo Di Croce və regional direktor Elena Aniere ilə görüşüb və mümkün strateji planlar müzakirə edilib.
Razılaşdırılmış plana əsasən Azərbaycanın cənub və Qarabağ regionlarının biomüxtəliflik potensialının da “Slow Fud” fəlsəfəsi istiqamətində işlənilib, aqro-qastro turizmə qazandırılması nəzərdə tutulur.

“Biz təbiətik!” şüarı ilə keçirilən “Terra Madre Salone del Gusto” festivalı 120 ölkədən 3000 nümayəndə və 600 stendi özündə birləşdirib. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Turizm Nazirliklərinin sponsorluğu ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.

Terra Madre (Salone del Gusto) istehsalatında ekoloji amilləri nəzərə alan və biomüxtəlifliyi qoruyan kiçik fermerlərin, sahibkarların, 2 ildən bir İtaliyanın Turin şəhərində öz potensiallarını sərgilədiyi bir platformadır. Azərbaycanın bu festivalda ilk dəfə 2022-ci ildə destinasiya stendi ilə iştirak edib.

Qeyd edək ki, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda həyata keçirilən “Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin nəticəsi olaraq ərsəyə gələn “Slow Fud” turizm səyahət marşrutunun əsas məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə, yerli kulinariyanı və mədəni irsin təşviqinə, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir.

Qlobal “Slow Food” hərəkatı hamı üçün təmiz, dadlı və ədalətli qidanı təmin etmək üçün 1986-cı ildə İtaliyada yaradılıb. “Slow Fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır. Yerli qastronomiya ənənələrini və qida məhsullarını dəstəkləyən bu hərəkat son illər ərzində daha da genişlənərək 160 ölkəni əhatə etməyə başlayıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti