Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı

    Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı
  05 Sentyabr 2024    Oxunub:1544
Həkimlər xəstələrdə mRNT-dən (Matris ribonuklein turşusu, digər adla informasiya RNT-si - zülalların ilkin strukturu haqqında məlumatları ehtiva edir - red.) istifadə edərək ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi sınaqdan keçirməyə başlayıblar.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.

Məlumata görə, mütəxəssislər bu məhsulun minlərlə insanın həyatının xilas edilməsi istiqamətində "novator" potensialını yüksək qiymətləndiriblər.

"The Guardian"ın xəbərinə görə, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbidir və ildə təxminən 1.8 milyon insanın ölümünə gətirib çıxarır. Xəstəliyin inkişaf etmiş formalarında və şişlərin yayıldığı xəstələrdə sağ qalma göstəriciləri xüsusilə aşağıdır.

Lakin hazırda mütəxəssislər yeni preparatı sınaqdan keçirirlər ki, bu, orqanizmə xərçəng hüceyrələrini izləmək və məhv etmək, daha sonra isə onların yenidən yaranmasının qarşısını almaq üçün əmr verir. BNT116 adı ilə tanınan və "BioNTech" şirkəti tərəfindən istehsal olunan peyvənd xəstəliyin ən çox yayılmış forması olan qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulub.

"The Guardian" qeyd edir ki, BNT116-nın insanlar üzərində ilk sınağı olan 1-ci mərhələ klinik sınaqlara yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində başlanılıb.

Ümumilikdə, təxminən 130 xəstə immunoterapiya ilə birlikdə peyvəndi almaq üçün qeydiyyata alınacaq. Təxminən 20 nəfər Böyük Britaniyadan olacaq.

Peyvənddə COVID-19 peyvəndlərinə analoji olaraq, RNT-dən (mRNT) istifadə edilir və bununla da immunitet sisteminə bədəni xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq imkanı verir.

Məqsəd ondan ibarətdir ki, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə təsir etmədən insanın xərçəngə qarşı immun reaksiyası artırılsın.

"The Guardian" yazır ki, Londondan olan 67 yaşlı Yanuş Ratz Böyük Britaniyada peyvənd olunan ilk şəxs olub. Ona may ayında diaqnoz qoyulub və qısa müddət sonra kimya və şüa müalicəsinə başlayıb.

Avqustun 20-də Yanuş Ratz Los-Ancelesdə Kaliforniya Universitetinin Milli Tibbi Araşdırmalar İnstitutunun Klinik Tədqiqatlar Mərkəzində 30 dəqiqə ərzində beş dəqiqəlik intervallarla, altı ardıcıl inyeksiya qəbul edib.

AzVision.az



Teqlər:





Xəbər lenti