Marsda maye halında su tapıldı

   Marsda maye halında su tapıldı
  13 Avqust 2024    Oxunub:1424
ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) alimləri ilk dəfə Marsda maye su aşkar ediblər. Su planetin səthinin altında böyük dərinliklərdə aşkarlanıb.
AzVision.az “BBC” nəşrinə istinadən xəbər verir ki, “Mars Insight Lander” zondunun topladığı məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, Marsın qabığının dərinliklərində maye sudan ibarət “köpük” var. Apaprılan analizin nəticələri “Proceedings of the National Academy of Sciences” jirnalında dərc olunub.

Qeyd edək ki, qonşu planetdə su artıq tapılmışdı, lakin o, maye vəziyyətdə deyil, qütblərdə buz və atmosferdəki buxar qalıqları şəklində idi.
2018-ci ildə qonşu planetin səthinə enən “Mars Insight Lander zondu” 2022-ci ilin sonuna qədər bir yerdə sakit oturaraq “planetə qulaq asdı” - Mars qabığının sarsıntısını qeydə almaq üçün seysmoqrafdan istifadə etdi.


Alimlər seysmik dalğaların sürətini ölçməklə onların hansı mühitdən keçdiyini yüksək ehtimalla müəyyənləşdirə bilirlər.

“Bu, əslində Yer kürəsində su, neft və ya qazın yeraltı yataqlarını axtarmaq üçün istifadə edilən üsulla eynidir”, - Kaliforniya universitetinin bu layihədə iştirak edən professoru Maykl Manqa “BBC” nəşrinə deyib.

Toplanmış materialların təhlili suyun Marsın səthindən 10-20 kilometr dərinlikdə yerləşdiyini göstərir. Planetin səthini tədqiq edən alimlər çoxdan belə qənaətə gəliblər ki, vaxtı ilə Marsın səthində su olub: səthdə çay və göllərin izləri var. Ancaq son üç milyard ildir ki, onun səthi səhraya çevrilib. Suyun bir hissəsi buxarlanaraq Marsın atmosferi ilə birlikdə fəzaya uçub. Ancaq görünür, müəyyən hissə planetin səthinin altında qalıb. Professor Manqa xatırladır ki, Yer kürəsində suyun kifayət qədər böyük bir hissəsi yerin altındadır və o, eyni vəziyyətin Marsda da olmasına sübhə ilə yanaşmaq üçün heç bir səbəb görmür.

Yeri gəlmişkən, “Mars Insight Lander” zondu seysmik dalğaları yalnız birbaşa özünün altında yerləşən ərazidə qeydə aldığına görə bu yerdə ehtimal olunan su yatağı aşkarlanıb. Lakin alimlər belə çöküntülərin Marsın başqa yerlərində də mövcud olduğunu ehtimal edirlər. Əgər həqiqətən də belədirsə, onların hesablamalarına görə, bu görünməz yataqlarda Marsın bütün səthini (bu isə Sakit Okeanın ərazisindən kiçikdir) 1,5 kilometr qalınlığından artıq su qatı ilə örtmək üçün kifayət qədər su olmalıdır.

Lakin bu ehtiyatların dərinliyi Marsı müstəmləkəyə çevirmək planları olan bəzi milyarderlər üçün yaxşı heç nə vəd etmir.

“Su planetin səthinin 10-20 kilometr dərinliyində gizlənib. Marsda 10 kilometr dərinlikdə quyu qazmaq hətta İlon Mask üçün də çətin olacaq”, - professor Maykl Manqa vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: NASA   Mars   su  





Xəbər lenti