ABŞ Nikolas Maduronun uduzduğunu iddia edir

   ABŞ Nikolas Maduronun    uduzduğunu    iddia edir
  02 Avqust 2024    Oxunub:1318
Venesuelada keçirilən prezident seçkilərində bülletenlərin işlənməsində və nəticələrin elan edilməsində “ciddi səhvlər”ə yol verilib.
xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Dövlət departamentinin saytında yerləşdirilmiş bəyanatında belə deyilir.

Blinken bildirib ki, Milli Seçki Şurası (MSŞ) sübut təqdim etmədən Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun qalib gəldiyini açıqlayıb. Karter mərkəzinin monitorinq komissiyasının fikrincə, səslərin 100%-nin hesablanmasının nəticələrinə dair məlumatlar hələ dərc edimədiyindən, açıqlanmış nəticə “hər hansı etibarlılıqdan” məhrum olur.

Eyni zamanda, seçki məntəqələrindən aldığı bülletenlərin 80%-dən çoxunu dərc edən Venesuela müxalifəti Edmundo Qonsales Urrutiyanın qalib gəldiyini bildirib. Blinkenin sözlərinə görə, bunu müstəqil müşahidəçilərin bəyanatları və “exit-poll” nəticələri də təsdiqləyib.

“Edmundo Qonsales Urrutiyanı uğurlu seçki kampaniyası münasibətilə təbrik edirik. İndi ölkədəki partiyaların Venesuela seçki qanunlarına və xalqın istəklərinə uyğun olaraq hakimiyyətin hörmətlə, sülh yolu ilə keçidini müzakirə etməyə başlamasının vaxtıdır. Biz Venesuelada demokratik normaların bərpası prosesini tam dəstəkləyirik və beynəlxalq tərəfdaşlarımızla birlikdə onun daha da inkişaf etdirilməsi yollarını nəzərdən keçirməyə hazırıq”, - ABŞ Dövlət katibinin bəyanatında deyilir.

Qeyd edək ki, Maduronun qələbəsi elan olunduqdan sonra Venesuelada kütləvi etirazlar başlayıb. Küçələrdə polislə nümayişçilər arasında toqquşmalar yaşanıb, həbslər aparılıb. Nümayişçilərə atəş açılması nəticəsində azı 7 nəfər ölüb, onlarla insan yaralanıb. Ölkənin Müdafiə nazirliyi 23 əsgərin yaralandığını, nazir Vladimir Padrino Lopez isə ölkədə dövlət çevrilişinə cəhd göstərildiyini bildirib.

Bir sıra Latın Amerikası ölkələri “xalqın seçiminə hörmətlə yanaşmağın” və səslərin şəffaf hesablanmasının təmin edilməsinin vacibliyini vurğulayaraq, nəticələrin yenidən nəzərdən keçirilməsinə çağırıb. Venesuela buna cavab olaraq yeddi Latın Amerikası ölkəsindən diplomatlarını geri çağırıb və onların nümayəndələrinin öz ərazisindən çıxmasını tələb edib. Panama isə Venesuela ilə diplomatik əlaqələri dayandırıb.
Rəsmi Karakas, eyni zamanda, kiberhücum səbəbindən seçkilərdə alınan səslərin 100%-ni ötürməyin mümkün olmadığını iddia edib. Venesuela hakimiyyəti bu məsələdə müxalifət lideri Mariya Korina Maçadonu günahlandırıb. Daha sonra Nikolas Maduro mübahisəli seçkilərdə bütün səsvermə nəticələrini həftənin sonunda ictimaiyyətə açıqlayacağına söz verib.
Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Milli Seçki Şurası səslərin 80%-i hesablandıqdan sonra hazırkı prezident Nikolas Maduronun 51,2%-ni, onun əsas rəqibi, “Demokratik Unitar Platforması”nın təmsilçisi 74 yaşlı Edmundo Qonsales Urrutiyanın isə səslərin 44,2%-ni qazandığını açıqlayıb. Daha sonra seçki şurası və Maduronun qərargahı indiki prezidentin qalib gəldiyini elan edib.

Vaşinqtonun bütün hallarda birmənalı şəkildə Venesuela müxalifətini dəstəkləməsinə gəldikdə isə, bu bilavasitə ABŞ-nin geosiyasi və geoiqtisadi maraqlartından qaynaqlanan mövqedir. Dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuelanın məhrum prezidenti Uqo Çaves 2007-ci ildə ABŞ, Fransa, Norveç və Böyük Britaniya şirkətlərinin nəzarətində olan neft yataqlarının milliləşdirilməsi haqqında fərman imzaladıqdan sonra Vaşinqtonun rəhbərliyi altında kolektiv Qərb bu ölkəyə qarşı təzyiqlər və sərt sanksiyalar siyasətinə başlayıb.

Bu siyasət Uqo Çavesin davamçısı olan Nikolas Maduronun hakimiyyəti dövründə də davam etdirilir. Məhz bu kontekstdə 2019-2023-cü illərdə Vaşinqton müxalif siyasətçi Xuan Herardo Quaydo Markesdən Venesuela hakimiyyətinə qarşı təzyiq aləti kimi istifadə edib. 2019-cu il yanvarın 23-də keçirilən mitinqdə Quaydo özünün Venesuela prezidentinin səlahiyyətlərini icra edən şəxs olduğunu açqıalyaraq and içdi. Bundan cəmi bir neçə saat sonra ABŞ onu Venesuelanın dövlət başçısı kimi tanıdı. Dünyanın daha 50-dən çox ölkəsi bu məsələdə Vaşinqtonun nümunəsini təkrarladı.

İş hətta o yerə çatdı ki, həmin dövrdə ABŞ-dakı diplomatik missiyalar binasında Quaydonun rəhbərliyi altında Venesuelanın müvəqqəti hakimiyyətinin yaranadığı da elan olundu. Lakin dünyanın əksər ölkələri bu “hökuməti” tanımaqdan imtina etdilər.

Venesuelada son prezident seçkilərindən sonra yaşanan hadisələr və Vaşinqtonun müxalifət cəbhəsinin təmsilçisinin qalib gəldiyini venesuelalılara və beynəlxalq ictimaiyyətə zor-xoş sırımaq cəhdi ABŞ-nin bu siyasətdən əl çəkməyəcəyinə dəlalət edir. Venesuelada ABŞ-nin və onun əlaltılarının maraqlarına cavab verən, tələblərinə isə “baş üstə” deyən şəxs hakimiyyətə gəlməyənə qədər.

Sahil İsgəndərov



Teqlər: ABŞ   Venesuela  





Xəbər lenti