Aİ Gürcüstana yardımı dondura bilər

   Aİ Gürcüstana yardımı dondura bilər
  02 Avqust 2024    Oxunub:1824
Avropa İttifaqı Gürcüstanda mübahisəli "xarici agentlər" qanununun qüvvəyə minməsindən narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano İspaniyanın "Europa Press" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "İttifaq sözügedən qanunu Gürcüstanın Avropaya inteqrasiyası yolunda geri addım kimi dəyərləndirir".

Məlumdur ki, Avropa İttifaqı Tiflislə diplomatik əlaqələrini artıq kəsmək üzrədir. Yalnız məhz qanunla bağlı məsələ ətrafında danışıqlar aparılır. Avropa Sülh Fondunun bu ölkəyə 30 milyon avroluq hərbi yardımı dondurduğunu xatırladan Stano:

"Belə bir şəraitdə bu ölkəyə maliyyə yardımının dayandırılması da nəzərdən keçirilir", - söyləyib.

Xatırladaq ki, Gürcüstanda avqustun 1-dən etibarən xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyatı üçün "xarici agentlər haqqında" qanun zəminində reyestr başladılıb. Qanun müzakirəyə çıxarıldığı vaxtdan bəri Qərbin kəskin tənqidinə tuş gəlmiş, ölkə daxilində kütləvi etirazlar doğurmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Gürcüstan   qanun   yardım  





Xəbər lenti