Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü əngəlləyən amillər

   Ukrayna və Moldovanın    Aİ-yə üzvlüyünü əngəlləyən    amillər
  09 İyul 2024    Oxunub:1202
Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü barədə danışıqlar rəsmən başlasa da, Brüssel şərq qonşularını birliyə qəbul etməzdən əvvəl dörd böyük problemlə üzləşib.
Avropa Şurasının beynəlxalq müansibətlər (ECFR) üzrə elmi işçisi Lev Litra Ukrayna və Moldovanın Aİ-yə üzvlük cəhdlərinin nəhayət ki, reallığa çevrildiyini vurğulamaqla yanaşı, bu yöndə mövcud olan çətinliklərə də diqqət çəkib.

Onun fikrincə, bu il iyunun 25-də Aİ Kiyev və Kişinyovla rəsmi üzvlük barədə başlanan danışıqlar aydın və nəticəyönümlü üzvlük prosesinin başlanması deməkdir.
Qərbi Balkanlarda uzun illər davam edən durğunluqdan sonra bu addım Aİ-nin genişlənmə siyasətinə güclü təkan verir, Ukraynada və Moldovada islahatlar prosesini gücləndirir və stimullaşdırır. Lakin genişlənmə prosesinin sürət götürməsinə baxmayaraq, gələcək irəliləyiş və bu ölkələrin Aİ-yə daxil olması bir neçə amillə şərtləndiriləcək.

Əvvəla, Aİ-nin daxili siyasətindəki reallıq böyük önəm daşıyacaq. Çünki Avropa Parlamentində və üzv ölkələrdə ekstremist və populist partiyaların mövqelərinin güclənməsi Aİ-nin genişlənmə planlarını təhlükə altına qoya bilər. Aİ institutlarının yeni mandatına əsasən, Brüsselin Ukrayna və Moldova ilə bağlı siyasətini dəyişməsi ehtimalı azdır. Bununla belə, bəzi üzv dövlətlər, keçmişdə digər namizəd ölkələrlə bağlı olduğu kimi, prosesi ləngidə bilər. Nə vaxtsa Ukrayna üzvlüyə hazır ola bilər, lakin Aİ də onu qəbul etməyə hazır deyilsə, onda Ukrayna Birliyə qoşulmayacaq.

İkinci məqam ikitərəfli tələblərlə bağlıdır. Aİ-nin genişlənmə siyasəti əksər hallarda Birliyə üzv dövlətlərlə namizəd ölkələr arasında ikitərəfli gündəliyin mövzusudur. Ukraynaya gəlincə, Macarıstan bununla bağlı bütün qərarların, demək olar ki, yarısını Kiyevdə milli azlıqların müdafiəsi səviyyəsindən narazılığı əsasında bloklayıb. Qərbi Balkanlardakı nümunələrdən göründüyü kimi, üzvlük gündəliyinə “ikitərəfli yanaşma” tələsi dağıdıcı nəticələrə gətirib çıxara bilər.

Üçüncü problemli məqam islahatların aparılması prosesindəki inkişafla bağlıdır. Aİ-dəki daxili müzakirələrdən asılı olmayaraq, Ukrayna və Moldova lazımi islahatları həyata keçirməklə Birliyin loyallığını qazanmağa davam etməlidirlər. Bu, üzvlüyə zəmanət vermir, çünki bəzi üzv dövlətlər danışıqlarda irəliləyiş üçün yeganə səbəb kimi xidmətə əsaslanan yanaşmaya tam hörmət etməyə bilər. Lakin islahatları həyata keçirmədən namizəd ölkələrin Aİ-yə üzvlük istiqamətində irəliləyişini təsəvvür etmək çətindir.

Dördüncü çox vacib şərt isə təhlükəsizlik məsələsidir. Doğrudur, Ukrayna assosiasiyalı ölkə statusundan namizəd ölkə statusuna keçə bildi. Amma rəsmi danışıqlarda daha çox irəliləyiş əldə edilsə belə, Rusiya ilə münaqişə bitməmiş üzvlüyün baş tutması son dərəcə az ehtimal olunur. Münaqişə bir çox islahatlar üçün mühüm təkan olsa da, lazım gəldikdə Ukrayna inteqrasiya ilə bağlı proseslərdən çox öz təhlükəsizliyinə üstünlük verəcək.

Aİ-yə üzvlük prosesindəki dinamika saxlanmalıdır

Bütün sadalanan maneələrə baxmayraq, avropalı analitik Aİ, Ukrayna və Moldovanın inteqrasiya prosesində indiki sürəti qoruyub saxlamaları zərurətini vurğulayır. Çünki Qərbi Balkanların yaxın tarixi onu deməyə əsas verir ki, üzvlük prosesindəki hər hansı fasilə onu bərpa etməyi çox çətinləşdirə bilər. Hər şeydən əvvəl, yaxın altı ayda Aİ qurumlarında keçiriləcək kadr dəyişikliyi zamanı tərəflər danışıqlarda həll olunacaq məsələlərin zəruri ikitərəfli yoxlanışını davam etdirməlidirlər. Bu, danışıqlar üçün ilkin hazırlıqları başa çatdıracaq, beləliklə də Ukrayna, Moldova və Aİ-yə fundamental məsələlərin həlli ilə məşğul olmağa imkanverəcək.

Lev Litra bildirir ki, Macarıstanın bu ilin ikinci yarısında Aİ-yə sədrliyi dövründə bu ölkələrin üzvlük məsələsi prioritet olmayacaq. Ukrayna isə qanunun aliliyi və idarəetmə islahatları ilə bağlı iki yol xəritəsinin qəbulu üçün xüsusilə bu vaxtdan istifadə etməlidir. Yol xəritələri yaxşı icra olunarsa, gələn il Aİ-də sədrlik səlahiyyətlərini aldıqdan sonra Polşa danışıqlara başlamaq üçün güclü zəmin yaradacaq.

Ermənsitanı Avropa İttifaqında gözləyən varmı?
Maraqlıdır ki, Aİ-yə inteqrasiya arzusunu açıq-aşkar bəyan edən Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftə hazırda Avropanın özündə gedən proseslər fonunda İrəvanın istəyinin reallaşa biləcəyinə skeptik yanaşma sərgiləyib. Eyni zamanda, bəzi avropalı ekspertlər də Avropa İttifaqı ilə ümumi sərhədləri olmayan Ermənistanın avrointeqrasiya təşəbbüslərinin indiki məqamda müsbət nəticə verəcəyinə böyük şübhə ilkə yanaşırlar.

Amma Avropa ilə həmsərhəd olan Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü yolunda avropalı ekspertlərin qabartdıqları maneələr, əslində Brüsselin dolayısı ilə bu məsələdə öz üzərinə öhdəliklər götürməkdən boyun qaçırmağa çalışdığının göstəricisidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   Moldova  





Xəbər lenti