Marin Le Penə qarşı təhqiqat işinə başlanıb
“Paris prokurorluğu bu yaxınlarda Marin Le Penin 2022-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi iddiaları ilə bağlı məhkəmə araşdırmasına başlayıb”, - telekanalın yayımladığı məlumatda deyilir.
Prokurorluq təhqiqat prosesinə Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın (CNCCFP) şikayətindən sonra başlayıb. Telekanalın məlumatına görə, seçki kampaniyası məsələsində təkcə Marin Le Penlə bağlı şübhə yaranmasa da, məhkəmə istintaqı yalnız ona münasibətdə başlanıb.
Fransa qanunvericiliyinə əsasən, namizədlərin seçki kampaniyaları zamanı müəyyən edilmiş xərc limitini aşması qadağandır. Şərtlər yerinə yetirildiyi halda, dövlət xərclərin bir hissəsini ödəyir. Əks təqdirdə, CNCCFP seçki hesablarına düzəlişlər edə, ödənilməli olan kompensasiya məbləğini azalda və lazım gələrsə, məsələni araşdırmaya göndərə bilər. Telekanal məhz bu əsasda komissiyanın şikayət etdiyini bildirib.
Maraqlıdır ki, bəzi ekspertlər Marin Le Penə qarşı təhqiqatın “Milli Birlik” partiyasının son parlament seçkilərində böyük uğur qazanması ilə eyni vaxta “təsadüf” etməsinə böyük şübhə ilə yanaşırlar.
Sahil İsgəndərov
AzVision.az