İsrail Suriyadakı limana hücum edib
“İyulun 9-da təxminən saat 00:20 radələrində İsrail Aralıq dənizindən Bənias şəhərinin qərbində hava hücumu həyata keçirərək şəhərin yaxınlığındakı hədəflərdən birinə zərbə endirib”, - məlumatda deyilir.
“Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR)” Bəniasda iki güclü partlayış olduğunu bildirir. Bunu təsdiqləyən Suriya müxalifəti bu yaxınlarda Bənias limanına çatdırılan və Livan “Hizbullah”ı üçün nəzərdə tutulan İran silahlarının hədəfə alındığını ehtimal edir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınının gəlməsi hücum zamanı ölən və ya yaralananların olduğundan xəbər verir. Hücumdan və sursatın ikinci dərəcəli partlayışından sonra şiddətli yanğınlar başlayıb.
İraqın “Shafaq News” xəbər portalı Bənias limanı yaxınlığındakı zərbənin İranın hava hücumundan müdafiə (HHM) qurğularına qarşı həyata keçirildiyini yazır. Belədə, əsas hədəfin bu yaxınlarda İran gəmilərinin “Hizbullah” üçün gətirdiyi silahların saxlanıldığı anbarlar olduğu öz təsdiqini tapır. Lakin İsrail ordusu Suriyadan verilən mesajları şərh etmir.
Sahil İsgəndərov
AzVision.az