BMT TŞ-nin təcili iclası keçiriləcək
Ukrayna prezidenti Volodimir Zelenskinin verdiyi bəyanatda Rusiyanın atdığı 40-da çox raketin paytaxt Kiyevi, Dnepr, Krivoy-Roq, Slavyansk şəhərlərini hədəfə aldığı bildirilir. Hava hücumu nəticəsində Kiyevdə “Oxmatdit” uşaq xəstəxanasına da zərər dəyib.
Həmin vaxt Varşavada olan Volodimir Zelenski Polşanın baş naziri Donald Tuskla birgə mətbuat konfransında BMT TŞ-nın təcili iclasının çağırılması tələbini səsləndirib.
“Ukrayna Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edir”, - Ukrayna prezidenti deyib.
Lakin Kiyevin ittihamlarını əsassız adlandıran Rusiyanın Müdafiə nazirliyi dünənki hücumun Ukraynanın Rusiyanın enerji və iqtisadi obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olduğunu bildirib.
- Ukrayna Silahlı Qüvvələrinin aviabazaları və Ukrayna hərbi sənaye obyektləri vurulub. Zərbənin hədəflərindən biri Kiyevin “Artem” hərbi zavodunun anbarı olub. Ukrayna tərəfinin mülki hədəflərə raket hücumları təşkil edilməsi ilə bağlı bəyanatları tamamilə həqiqətə uyğun deyil. Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində mülki obyektlərə ziyan dəyib”, - Rusiyanın “TASS” agentliyi ölkənin Müdafiə nazirliyinin məlumatına istinadən bildirib.
Moskvanın özünə bəraət qazandırmaq cəhdlərinə rəğmən, Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Rusiyanın maksimum dərəcədə qisas cavabı ilə üzləşəcəyini bəyan etdi ki, bu təhdid də özünü çox gözlətmədi.
Bu gecə Rusiyanın Belqorod, Rostov, Voronej, Həştərxan, Kursk və Volqoqrad vilayətlərinə Ukrayna dronlarının kütləvi hücumu baş tutub.
Belqorod vilayətinin müxtəlif şəhərlərinə hücumlar nəticəsində 4 adam həlak olub, 20 nəfər isə yaralanıb. Qubernator Vyaçeslav Qladkov 60 fərdi evin və 160 mənzilin dağıldığını, 140 avtomobilə ziyan dəydiyini və elektrik xətlərində fasilələr yarandığını bildirib. Volqoqrad vilayətinin Kalaç-na-Donu şəhərində isə neft bazası və elektrik yarımstansiyası yandırılıb.
Bu gün Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammitin işinə başlaması ərəfəsində Rusiya və Ukraynanın bir-birinə “bəxş” etdikləri faciəvi “sürprizlər” onları müahribəyə sürükləmiş kollektiv qərbə bu münaqişəni daha da alovlandırmaq üçün əlavə stimul verir.
Sahil İsgəndərov
AzVision.az