Azərbaycanın investisiya mühiti Türkiyədə təbliğ edilir
Bildirilib ki, Azərbaycanın investisiya mühitinin Türkiyədə tanıdılması məqsədilə ölkənin ən böyük sənaye şəhərlərindən olan Bursa, Konya, Dənizli və Kütahyaya səfərlər təşkil edilib, 100-dən çox üzv şirkət və iş adamı ilə görüşlər keçirilib: “Bursa Ticarət və Sənaye Palatası, Konya Ticarət Palatası və Dənizli Ticarət Palatasının, Uludağ İxracatçıları Birlikləri, Konya İxracatçılar Birlikləri Dərnəyinin və Kütahya Mütəşəkkil Sənaye Bölgəsinin rəhbər heyətləri, eləcə də 100-dən çox üzv şirkət və iş insanları ilə toplantılar keçirilib. Konya və Kütahya şəhərlərinin Mütəşəkkil Sənaye Bölgələrində sənaye və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq həyata keçirilib və sözügedən müəssisələrin Azərbaycanda fəaliyyətinə dair imkanlar müzakirə edilib, iki ölkənin sənaye bölgələri arasında əməkdaşlıq imkanları dəyərləndirilib”, - deyə məlumatda qeyd olunub.
Əlavə edilib ki, keçirilmiş görüşlər zamanı Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaradılmış investisiya imkanları və təşviqlər haqqında ətraflı məlumat verilib, ölkənin investisiya imkanlarını özündə əks etdirən videotəqdimatlar nümayiş etdirilib. Həmçinin, mövcud layihələr barədə təqdimatlar keçirilib və potensial investorların sualları cavablandırılıb: “Türkiyəli iş adamları Azərbaycanda istehsal müəssisəsinin qurulmasına maraq göstərdikləri üçün Bursa və Kütahyada daha geniş görüşlərin keçirilməsi də nəzərdə tutulur”.
AzVision.az
Teqlər: