İran-İsrail qarşıdurması: Tehran geri addım atır?

 İran-İsrail qarşıdurması:  Tehran geri addım atır?
  19 Aprel 2024    Oxunub:830
"İsrailin İrana cavab zərbəsi endirməsi ilə bağlı fakt təsdiqini tapıb. Həm Tel-Əviv, həm də Tehran hücumla bağlı yayılan məlumatları fərqli yanaşmalarla təsdiqləyiblər. İsrail raket zərbələrinin İran ərazisinə və bu ölkənin Suriyadakı hərbi obyektlərinə endirildiyini bildirsə də, Tehran hücumun PUA ilə İsfahandakı mülki hava limanına edildiyini açıqlayıb. Çünki İranın nüvə obyektləri İsfahanda yerləşir".
Bunu AzVision.az -a açıqlamasında politoloq Elçin Mirzəbəyli İran və İsrail arasında son baş verənləri şərh edərkən deyib.
İsfahan İrandan buraxılan PUA ilə vurulub - "The New York Times"


Onun sözlərinə görə, Tel-Əviv nüvə obyektlərini hələlik hədəfə almaq niyyətində olmadığını və hücumun xəbərdarlıq xarakteri daşıdığını bəyan edib:

"İsrail bununla bəyan etmək istəyir ki, İran ərazisini, həm də nüvə obyektlərini vurmaq imkanına malikdir. Tehran yenidən hücum etmək qərarına gələrsə, hədəf nüvə obyektləri olacaq. Prosesin hələlik genişmiqyaslı müharibə ilə müşaiyət olunacağı gözlənilmir. Tehran və Tel-Əvivdən səsləndirilən fikirlər belə düşünməyə əsas verir ki, hücum “İranın dözə biləcəyi və qisas almaq niyyətinə düşməyəcəyi” həddə olub. Hələlik Tehranın rəsmi mövqeyi bəlli deyil, hələ də “araşdırmaların aparıldığı” bildirilir".

Politoloq onu da qeyd edib ki, İranın cavab zərbəsi endirəcəyi gözlənilmir:



"Hətta “Hizbullah”ın da hərəkətə gətiriləcəyi inandırıcı görünmür. Əgər qarşıdurma geniş müstəviyə keçərsə, o zaman İranın proksiləri istisna olmaqla, İsrailə birbaşa, quru yolu ilə müdaxilə edə biləcəyi mümkün deyil. Tehrandan Tel-Əvivə qədər olan məsafə 1850 kilometrdir. Hava hücumundan müdafiə sistemlərinə və hücum imkanlarına gəldikdə isə İranın arsenalında olan təyyarələri kifayət qədər köhnədir, HHM sistemləri isə İsrailin kütləvi hücumunu dəf etmək potensialında deyil.

İranın Pilotsuz Uçuş Aparatlarının və raket hücumunun nəticəsi isə artıq bəllidir. Qlobal Döyüş Gücü İndeksinə görə İran 14-cü, İsrail 17-ci sırada yer alır. Döyüş gücləri təxminən eynidir. Amma nəzərə almaq lazımdır ki, İsraildən fərqli olaraq, İranın müttəfiqləri yoxdur. Digər tərəfdən havadan hücum potensialına görə, İsrail İranı üstələyir. Məhz bu baxımdan, İran hələlik təkrar hücuma cəsarət etməyəcək".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə hesab edir ki, prosesin bu cür davam etməsi iki ölkə arasında münasibətləri geniş münaqişəyə çevirməyəcək.

“Toqquşmanın daha geniş əraziləri əhatə etməsi hər iki dövlətin marağına uyğun deyil. Heç bizim də maraqlarımıza cavab vermir. Münaqişənin genişlənməsi iki ölkənin həm iqtisadiyyatına, həm daxili sabitliyinə, proseslərə çox ciddi təsirləri ola bilər.



Amma bugünkü məlumatları İran təsdiqləmədi. Onlar qeyd etdilər ki, heç bir hücum olmayıb. Halbuki mediada fərqli məlumatlar var. Əgər münaqişə genişlənsə, Yaxın Şərqdə, yəni bizim regionumuzda çox ciddi problemlərə aparıb çıxaracaq”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, İsrailin İrana hücum etməsi ilə bağlı xəbərlər yayılıb. Hətta bəzi saytlar İsfahan əyalətində partlayışların olmasını əks etdirən görüntüləri də dərc edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti