KTMT-nin baş katibi: "Erməni elitası arasında müəyyən hadisələr narahatlıq doğurur"

      KTMT-nin baş katibi:    "Erməni elitası arasında müəyyən hadisələr narahatlıq doğurur"
  12 Mart 2024    Oxunub:681
İrəvan həqiqətən də son vaxtlar KTMT Katibliyinin işində iştirak etmir. Bu, indiki mərhələdə Ermənistanın qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq.
AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. Onun sözlərinə görə, təşkilatın fəaliyyəti tam şəkildə davam edir, bütün prosedurlara KTMT-nin normativ bazasına tam uyğun olaraq riayət olunur. Belə ki, katiblik mütəmadi olaraq qəbul edilmiş və ediləcək qərarlar barədə İrəvandakı müvafiq strukturları məlumatlandırır.

"Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd etmək istərdim ki, katibliyə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb. Biz təbii ki, analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla təşkilat arasındakı münasibətləri təhlil edirik.

Gizlətməyəcəyəm ki, erməni elitasının bəziləri arasında müəyyən hadisələr və hisslər narahatlıq doğurur. Amma biz Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Xüsusi qeyd edim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti