Liz Trass Pekinin maraqlarının lobbiçisi olub

   Liz Trass  Pekinin maraqlarının lobbiçisi  olub
  16 Yanvar 2024    Oxunub:830
Çinə qarşı sərt mövqe tutan Böyük Britaniyanın sabiq baş naziri Liz Trass Çinə müdafiə avadanlığının “satışını sürətləndirmək” və bununla da Britaniya şirkətinin milyonlarla qazancını itirməsinin qarşısını almaq üçün Pekinin maraqlarına lobbiçilik edib.
AzVision.az xəbər verir ki, Liz Trassın şəxsi yazışmalarına aid sənədləri əldə edən məşhur “Politico” qəzeti belə məlumat yayıb.

2023-cü ilin avqustunda ölkənin biznes və ticarət naziri Kemi Beydnoka ünvanladığı məktubda xanım Trass ondan müdafiə avadanlıqları istehsalçısı olan İngiltərə şirkətinə Çinə öz məhsullarını satmasına kömək göstərməsini xahiş edib. Halbuki, Britaniya hakimiyyəti İngiltərənin şərqindəki Norfolk qraflığının Trass seçki dairəsində yerləşən “Richmond Defense Systems” şirkəti tərəfindən Çinə minatəmizləmə avadanlıqlarının tədarükünə imkan verməmişdi.

Qəzet yazır ki, Liz Trass, tərəddüd etmədən, şirkətin “arqument”lərini çox qısa müddət ərzində rəhbəri olduğu hökumətin kabinet üzvü kimi təyin etdiyi Beydnoka şəxsi müraciətində göstərib.

“Hörmətli Kemi! Çinə mal tədarükü üçün lisenziya ərizəsi ilk dəfə verilmiş bir seçicimin adından yazıram... Lisenziyanın alınmasını sürətləndirə bilsəniz, minnətdar olaram”, - sabiq baş nazir məktubunda vurğulayıb.

Liz Trass vurğulayıb ki, Britaniya şirkətinin Çinə hərbi texnika satmasını qadağan etmək “gələcək satışlarda milyonlarla pul itirmək demək olardı”. Çünki “Richmond Defence Systems” şirkətinin iddiasına görə, lisenziya verilməsə, çinlilər sadəcə öz layihələrini yaradacaq və məhsulları özləri istehsal edəcəklər.

Çinin, demək olar ki, istənilən məhsulun operativ şəkildə istehsalını yarada bilməsi iddiası, məntiqi baxımdan, başa düşüləndir.

Maraqlı olan isə özünün birbaşa düşmənləri saydığı dövlətlərə qarşı sərt sanksiyalar tətbiq edən Qərbin, iqtisadi maraqlar baxımından həmin ölkələrlə gizli sövdələşmələrə və işbirliyinə getməsidir. Həmin sövdələşmələrdə bu və ya digər qərb ölkəsinin “prinsipial” siyasətçilərinin altruist mövqedən çıxış etməsi isə heç də inandırıcı deyil.
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Trass   Pekin  





Xəbər lenti