Sarkisyan Qarabağdan və atəşkəsdən danışdı

Sarkisyan Qarabağdan və atəşkəsdən danışdı
  18 İyun 2014    Oxunub:1072
Serj Sarkisyan, Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmaslından 20 il sonra danışıqlardan nə gözləmək olar sualını cavablandırıb.

Yerevan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır, lakin bu, o demək deyil ki, münaqişə nəyin bahasına olursa olsun həll edilməlidir. Serj Sarkisyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, 20 illik atəşkəsin ən konkret nəticəsi iki ölkə arasındakı sərhəddə nisbi sabitliyin bərqərar olmasıdır.

“Bəli, qəbul edirəm, bu, pis sülhdür, kövrəkdir. Zaman-zaman itkilər veririk. Lakin kövrək sülh istənilən müharibədən yaxşıdır. Danışıqlar necə olur olsun, hərbi əməliyyatlardan yaxşıdır. Danışıqlarsa ləng gedir. Biz təbii ki, problemin mümkün qədər tez həll edilməsinə çalışırıq, lakin bütün şərtləri qəbul edə bilmərik”.

Sarkisyan, danışıqlar prosesində ləngimələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi həll prinsiplərinə Azərbaycan və Ermənistanın fərqlı yanaşması ilə izah edib.

Bununla yanaşı Ermənistan prezidenti utanmadan danışıqların uzanmasına görə rəsmi Bakını ittiham edir. Sarkisyanın iddialarına görə, guya Ermənistan tərəfi Minsk Qrupunun təklifini olduğu kimi qəbul edir, Bakı isə tamamilə fərqli fikirdədir.

“Təsadüfü deyil ki, müəyyən mərhələyə çatanda Bakı yeni təkliflərlə çıxış edir. Danışıqlar prosesinin Ermənistan və beynəlxalq ictimaiyyətin istədiyi tempdə davam etməsi üçün tərəflər irəli sürülən təklifləri eyni cür qəbul etməlidirlər”, -deyə Serj Sarkisyan guya Qarabağ münaqişəsinin həllini tapmamasının səbəbkarının Ermənistan olmadığnı iddia etməklə gözdən pərdə asmağa çalışıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti