"Məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyasına çevirməkdir" - Sədr

   "Məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyasına çevirməkdir" -    Sədr
  04 Dekabr 2023    Oxunub:1185
Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır.

"Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən xoş hisslərlə ayrılırlar. Bununla yanaşı, qeyd etməliyik ki, turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır".

Sədr qeyd edib ki, hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır: "Bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti