Ermənistanda doğum niyə azalır?

Ermənistanda doğum niyə azalır?
  18 İyun 2014    Oxunub:938
Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında erməni jurnalisti Sara Xocayanın Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi ilə bağlı məqaləsi dərc olunub.
AzVision.az-ın AzərTAc-a istinadən məlumatına görə, məqalədə erməni ekspertlərinin ölkədəki demoqrafik vəziyyətin getdikcə qorxulu hal alması haqda həyəcan təbili çalmağa başladıqları bildirilir.

Yazıda qeyd olunur ki, Ermənistan əhalisinin sayı ölkədəki sosial-iqtisadi vəziyyətin getdikcə kəskin şəkildə pisləşməsi nəticəsində sürətlə azalmağa başlayıb. Ölkədə ciddi demoqrafik problem yaranıb. Sosial-iqtisadi duruma görə ailələrdə yeni uşağın doğulmasını istəmirlər.

Demoqrafiya üzrə mütəxəssis Ruben Akopyan əhalinin sayının azalmasını 1990-cı ildə ölkədə az uşaq doğulması ilə əlaqələndirməyə cəhd göstərib. Lakin əslində ölkə iqtisadiyyatının tənəzzülü, işsizlik problemi, məmurların korrupsiyaya qurşanması və əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması demoqrafik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Ermənistanda sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstərən başlıca amildir. Erməni ailələri bir və ya iki uşağın dünyaya gəlməsinə üstünlük verirlər. Çünki çoxuşaqlı ailələrdə daha artıq dolanışıq xərcləri tələb olunur. Ona görə də Ermənistanda bu gün hər qadına 1,6 doğulan uşaq düşür. Digər tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisədə 3,1 dəfə artıb. 2011-ci ildə ölkədə aparılan siyahıyaalmadan aydın olmuşdur ki, qadınların 12 faizi bir uşaq, 29 faizi iki, 20 faizi üç uşaq dünyaya gətirib.

Mütəxəssislər yaranmış vəziyyəti aradan qaldırmaq və Ermənistanda əhalinin sayını artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhranlı vəziyyəti aradan qaldırmağa çağırıblar. Əks halda Ermənistanı daha ağır vəziyyət gözlədiyini bəyan ediblər.

Demoqrafik məlumata görə hazırda ölkədə doğum halları həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni uşaq doğulan ailələrə cüzi miqdarda vəsait ayırır. Bu vəsaitlə də uşaq saxlamaq qeyri-mümkündür.

Mütəxəssislər doğum hallarının azalmasının qarşısını almaq barədə dövlətə dəfələrlə çağırış etsələr də, hələlik bu sahədə hər hansı tədbir həyata keçirilməyib.


Teqlər:  





Xəbər lenti