GMO mübahisəsi: Öldürmür, sağaldırmış!

 GMO mübahisəsi:  Öldürmür, sağaldırmış!
  23 Noyabr 2023    Oxunub:2450
Elm adamları bu günə kimi Geni Dəyişdirilmiş Orqanizmlər (GMO) haqqında xeyli araşdırmalar aparsalar da, mövzu hələ ki, bir çox insanlar üçün mübahisəlidir.
GMO-ların təhlükəsizliyi ilə bağlı mübahisələr müxtəlif amillərə əsaslanır. Belə məhsulların əleyhdarlarının əsas arqumentlərindən biri ondan ibarətdir ki, insanlar onların uzunmüddətli istifadəsinin nəticələrini bilmirlər.

"Azərbaycana geni dəyişdirilmiş meyvələrin özü yox, toxumları gətirilir"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Milli Elmlər Akademiyası kimi təşkilatlar GMO istehlakının ciddi risklərə dair heç bir sübut olmadığını təsdiqləyiblər.

Biologiya elmləri doktoru, professor, Avropa Akademiyasının üzvü Mixail Gelfand da deyib ki, faktiki olaraq GMO-nun heç bir zərəri aşkarlanmayıb. Gen modifikasiyası texnologiyası isə bir çox xəstəliklərin müalicəsinə kömək edir. O cümlədən, bu texnologiyalarla diabet xəstələri üçün insulin istehsal edilir.

Bioloq qeyd edib ki, genlər dəyişdirilə bilər və bu normaldır: "Məsələn, insan insulininin genini bağırsaq çöplərinə birləşdirə bilərsiniz. Belə olan halda o, insulin əmələ gətirəcək. Əslində təəccüblənəcəksiniz, amma insulinlərin əksəriyyəti belə hazırlanır".

Bundan başqa, geni dəyişdirilmiş bitki sortlarının yaradılması onlara daha məhsuldar və zərərvericilərə qarşı dözümlü olmağa kömək edir.

Məsələnin digər maraqlı tərəfi odur ki, əksər istehsalçılar bu mifdən yararlanmaqla məhsullarının qablaşdırılmasına “tərkibində GMO yoxdur” yazır. Onlar bu üsulla alıcıları cəlb edirlər. Alim həmin istehsalçıları sinizmə görə qınayıb. O qeyd edib ki, söhbət tez-tez ən gözlənilməz məhsullarda - məsələn, adi mineral suların üzərində belə, bu cür xəbərdarlıqlara rast gəlməkdən gedir: “Bəzi ağlı zəif olan insanlar GMO-dan qorxurlar. Bəzi sinizmli insanlar isə bundan qazanc əldə edirlər”.

Hazırda bəzi irsi xəstəliklər belə xəstənin hüceyrələrində qüsurlu genləri dəyişdirməklə müalicə olunur. Bu dəyişdirilən hüceyrələr yenidən yerinə "əkilir" və beləcə normal qaydada işlək olurlar. Qan xəstəlikləri və immun çatışmazlığını belə müalicə edirlər. Ən vacibi isə bu tibbi müdaxilə- gen dəyişiklikləri gələcəkdə doğulacaq insanlar üçün "miras" qalmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   GMO   Bioloq  





Xəbər lenti