`Obama Qarabağa müdaxilə etməlidir`

`Obama Qarabağa müdaxilə etməlidir`
  13 İyun 2014    Oxunub:1417
ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru Svante Kornell “The Christian Science Monitor” qəzetində prezident Barak Obamanı “Putini müdafiə mövqeyinə keçməyə məcbur etmək üçün” Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa müdaxilə etməyə çağırıb.

Svante Kornel məqaləsində ötən ay atəşkəsin əldə olunmasının 20 illiyinin tamam olduğunu xatırladır. “Lakin bu heç də bayram etməyə əsas vermir. Münaqişə nizamlanmamış qalır, üstəlik Krım böhranından sonra ABŞ-ın maraqları üçün heç vaxt olmayan qədər daha təhlükəli və daha aktual olub” - deyə müəllif yazır.

S.Kornell qeyd edir ki, əgər Krım “dondurulmuş münaqişələrdən” ən sonuncusu sayılırsa, əksinə, Dağlıq Qarabağ postsovet məkanında bütün ərazi mübahisələri içərisində ən birincisidir. Lakin Krımda olduğu kimi Qarabağ münaqişəsi də heç vaxt bu bölgədə yaşayan əhali ilə məhdudlaşmayıb. Münaqişədə həmişə üçüncü tərəf - Moskva iştirak edib və ilk gündən münaqişənin nəticəsinin müəyyən edilməsində mühüm rol oynayıb.

“Bu günə qədər də Rusiyanın siyasəti iki ölkə arasında idarəolunan qeyri-sabitliyin dəstəklənməsindən ibarətdir. O, münaqişədən Ermənistan üzərində nəzarəti möhkəmləndirmək və qərbmeylli Azərbaycanı zəiflətmək üçün istifadə edir” - deyə S.Kornell yazır.

Müəllifin qənaətinə görə, münaqişəni “dondurulmuş” adlandırmaq səhvdir Hər il müharibə riski artır. Bu müharibə təsadüfən və ya qəsdən başlaya bilər.

S.Kornell münaqişənin nizamlanması üçün yaradılan Minsk Qrupunda ABŞ, Fransa və Rusiyanın həmsədr olduğunu xatırladır. Onun fikrincə, bu formatda məqsəd ondan ibarət idi ki, Moskvaya prosesi kənardan pozmağa imkan yaratmaqdansa onu prosesə cəlb edib hərəkətlərini izləmək daha yaxşıdır.

Ancaq ekspertin fikrincə, Vaşinqton yanaşmanı dəyişməlidir: “Əgər ABŞ Putinə müqavimət göstərmək istəyirsə, belə fəaliyyətsizlik işə yaramayacaq. Məlum səbəblərdən administrasiya Ukrayna məsələsinə və Rusiyaya qarşı sanksiyalara köklənib. Lakin gələcəkdə ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına birbaşa müdaxiləsi təkcə Amerikanın maraqlarının müdafiəsi baxımından mühüm addım olmayacaq, eyni zamanda Putini müdafiəyə keçməyə məcbur edəcək”.

S.Kornell hesab edir ki, bu, asan olmayacaq, lakin Obama bu işi bacarmasa, Amerika zəif görünəcək və bu da ancaq Putinin işinə yarayacaq (virtualaz.org).


Teqlər:  





Xəbər lenti