“Fransa Ermənistanı xilas etmək istəyirsə...” - Mübariz Əhmədoğlu

   “Fransa Ermənistanı xilas etmək istəyirsə...” -    Mübariz Əhmədoğlu
  10 Oktyabr 2023    Oxunub:2365
Rusiya sülhməramlıları Qarabağdakı ermənilərdən 7 min atıcı və tank əleyhinə silahlar, 84 zirehli texnika, 1 ədəd PUA və 58,5 milyon patron toplayaraq, Azərbaycana təhvil verib. Xeyli silah-sursat da döyüş zamanı məhv edilib. Bu qaydada silahlanmış qondarma qurum Azərbaycan ordusunun qabağında 23 saat 50 dəqiqə duruş gətirə bildi.
“İskəndər-M” raketi kimi silaha malik Ermənistan Azərbaycanın qabağında cəmi 44 gün dözə bilmişdi. Fransa Ermənistana nə qədər silah verməlidir ki, Azərbaycanın qabağında duruş gətirə bilsin? Bunu hesablamaq asan olmayacaq. Ona görə də, Fransanın Ermənistanla bağlı kursunu dəyişməyə ciddi ehtiyacı var.

Ermənilər regiona gələnə qədər artıq müxtəlif güclərin aləti olmağa macal tapmışdılar. Onlar Osmanlı imperiyası üçün Avropada casusluqla məşğul olublar. Sonradan çar Rusiyası erməniləri ələ alaraq, Osmanlıya qarşı alətə çevirib. Əvəzində ermənilərə dövlət verib. Çar Rusiyasından sonra Sovet İttifaqında da buna bənzər vəziyyət yarandı. O dövrdə yalnız 3 dövlət ittifaq büdcəsinə artıqlaması ilə pul verirdi - RSFSR, Ukrayna və Azərbaycan. Qalan bütün müttəfiq respublikalar, o cümlədən, Ermənistan SSRİ büdcəsindən ayrılan vəsaitin hesabına yaşayırdılar.

Ermənilərin müasir dövrə uyğunlaşdırılması çox vacibdir. Bunun üçün ən vacib şərt ölkədə müstəqil iqtisadiyyatın qurulmasıdır. Ermənistanın iqtisadi bazası zəifdir, Rusiyadan gələn fərdi köçürmələrin hesabına dolanır. Ukrayna müharibəsindən sonra Rusiya və Ukraynadan xeyli şəxs Ermənistana gəldi. Onların vergi ödəmələri Ermənistan üçün böyük yardımdır. Bəs həmin mənbələr də əlindən çıxandan sonra Ermənistan nəyin hesabına dolanacaq?!

Ona görə də Ermənistan əvvəlcə iqtisadiyyatını qurmalıdır. Yalnız ondan sonra hərb barədə fikirləşə bilər. Azərbaycan əvvəlcə müstəqil şəkildə güclü iqtisadi siyasətini qurdu, sonra ordusunu gücləndirdi və hərbi potensialını yaratdı. Düzgün ardıcıllıq belə olmalıdır. Ona görə də Ermənistanın “dostları” gərək əvvəlcə onun iqtisadiyyatını qurmaq haqqında düşünsünlər. Yoxsa erməni separatçılarını yenidən qızışdırıb, Azərbaycanın üstünə salmaqla onları ümumiyyətlə, gələcəkdən məhrum edə bilərlər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti