Matrisanın açarı: Tibb sahəsində Nobel nəyə görə verilib

      Matrisanın açarı:    Tibb sahəsində Nobel nəyə görə verilib
  08 Oktyabr 2023    Oxunub:160279
Fiziologiya və təbabət üzrə Nobel mükafatı bu il iki nəfərə - amerikalı biokimyaçı, Pensilvaniya universitetinin professoru, 64 yaşlı Dryu Vayzman və macar alim, 68 yaşlı Solnoka Katalin Karikoya verildi. Xanım Kariko hazırda həm də “BioNTech RNA Pharmaceuticals” şirkətinin vitse-prezidentidir. Habuki, on il əvvəl onu ələ salır və işlədiyi yerlərdən qovurdular.
Bu iki alimin xidməti nədən ibarətdir? Sadə dildə izah etməyə çalışaq.

Onlar 1990-2013-cü illərdə yeni nəsil vaksinin yaradılmasının üzərində çalışıblar. Nobel Komitəsinin açıqlamasında deyilir ki, onların işləri “COVID-19”a qarşı vaksinin hazırlanmasında böyük əhəmiyyət daşıyıb. Çünki məhz bu araşdırmalar RNT matrisasının insanın immun sistemi ilə qarşılıqlı əlaqəsini anlamağa imkan verib. Tələsməyin, bunun nə demək olduğunu lap sadə dildə izah edəcəyik.

“Yeni nəsil vaksin” nədir?

Köhnə nəsil vaksinlərdə aktivliyi azaldılmış, yaxud, məhv edilmiş viruslardan istifadə edilirdi. Sadə desək, ölmüş, yaxud, zəiflədilmiş viruslar insanın bədəninə yeridilirdi ki, immun sistemi onları tanısın və cavab reaksiyasına hazır olsun. Bu metodu kəşf etdiyinə görə 1951-ci ildə Maks Teyler (Cənubi Afrika) Nobel mükafatı almışdı.


İkinci nəsil vaksinlərdə “vektor texnologiyası” adlanan üsuldan istifadə olunurdu. Yəni artıq virusun özü yox, onun genetik kodunu əmələ gətirən zülalların bəziləri insanın bədəninə yeridilirdi. Rusiyanın «Спутник V» vaksini son illərdə standarta çevrilmiş məhz bu metodla düzəldilib.

1980-ci illərdə üçüncü nəsil vaksinin hazırlanması üçün çalışmalar başladı. İdeya bu idi ki, immun reaksiyasının yaranması üçün insanın bədəninə virusun RNT-sini yox, eyni informasiyanın kodlaşdığı RNT matrisasının əsasında süni yolla sintez edilmiş nüsxəni yeritmək olar.

“RNT matrisası” nə deməkdir?

Tutaq ki, sizin orqanizminizə məsələn, bir zülal molekulu istehsal etmək lazımdır (Bədən zülallardan ibarətdir. Hər 80 gündən bir bədənimizin yarısını təşkil edən zülallar dəyişilir). Onun sintez edilməsi (yığılması, yaradılması) üçün aminturşu molekullarını müəyyən ardıcıllıqla düzmək lazımdır. İnsan bədənində 22-25 ədəd aminturşu var və istənilən zülal bu molekulların müəyyən ardıcıllıqla düzülüşü deməkdir.

İnsanın geni (DNT) prinsipcə, “zülalların yaradılması üçün aminturşuları hansı ardıcıllıqla düzmək lazımdır” sualına verilən cavabların saxlandığı arxivdir. Konkret zülalın sintezi üçün aminturşu molekullarının necə düzülməli olduğu DNT-nin bir hissəsində kodlaşdırılıb. Zülalın istehsalı üçün o kodu qəlib kimi götürüb, aminturşu molekullarını qəlibə düzmək lazımdır. Bu işlə RNT məşğul olur. O, bir növ arxivə gedərək, lazım olan çertyojları gətirir.


“Qəlib” dediyimiz RNT-nin matrisasıdır. RNT hüceyrənin nüvəsinə daxil olur, DNT-də olan həmin informasiyanı kopyalayıb, nüvədən çıxır və bundan sonra hüceyrənin daxilindəki mexanizmlər lazım olan materialı (aminturşuları) qəlibə düzməyə başlayırlar. Alın, bu da sizə yeni zülal molekulu!

Madam ki, belədir, niyə vaksinlənmək üçün virusun özünü, yaxud materialını bədənimizə yeridirik ki? Bəlkə elə onun da RNT-sinin matrisasını götürüb, üstündə süni yolla sintez etdiyimiz materialı yeridək? Belə daha təhlükəsiz olmazmı?

İmmuniteti necə aldatmalı?

Bu yaxşı fikir idi, amma ilk təcrübələr göstərdi ki, insanın immun sistemi virusun RNT matrisasını da virus kimi qəbul edərək, reaksiya verir və bədəndə iltihabi proseslər başlayır. Ortaya sual çıxır: İmmun sistemini necəsə aldatmaq olarmı ki, o, RNT matrisasını virus kimi qəbul etməsin?


1990-cı illərdə Pensilvaniya Universitetinin dosenti Kariko və onun həmkarı Vayzman bu problemin həlli üçün çalışmağa başlayırlar. 2005-ci ildə onlar hüceyrədə RNT-nin qeyri-sabitliyinə görə cavabdeh olan komponenti – nukleozidi tapırlar. Həmin nukleozidi dəyişməklə alimlər insanın immun sistemini aldatmağa nail olurlar: Bədən daha RNT matrisasını virus kimi qəbul etmir.

Beləliklə, Kariko və Vayzman RNT matrisasından istifadə etməklə virusun təbii RNT-sindən fərqlənməyən süni kopyasını sintez etməyə müvəffəq olurlar. Bunun əsasında RNT-vaksin düzəltmək mümkün olur. 2006 və 2013-cü illərdə onlar ixtiralarına görə patent alırlar. 2020-ci ildə “Pfizer” və “Moderna” şirkətləri məhz onların araşdırmalarına əsasən “COVİD-19”a qarşı vaksin hazırlayırlar.

Qeyd edək ki, xanım Karikonun bu istiqamətdə araşdırmaları dəfələrlə perspektivsiz hesab olunub, həmkarları onu ələ salıblar, hətta iki universitetdən qovulub.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Elm   Nobel   Tibb  





Xəbər lenti