Su anbarları və Xəzərlə əlaqəsi olan çay və kollektorlara balıq buraxılması vacibdir

Su anbarları və Xəzərlə əlaqəsi olan çay və kollektorlara balıq buraxılması vacibdir
  21 Sentyabr 2023    Oxunub:1163
Ekspert Əfqan Əliyev: “Azərbaycanda da Ekologiya Polisi yaradılmalı və ya tam olaraq bu sahənin qorunması üçün balıqçılığa aid dövlət qurumu olmalıdır”
Azərbaycanda bioresursların artırılması və bərpası istiqamətində bir sıra tədbirlər həyata keçirilir və onların müsbət nəticələri var. Bunu su hövzələrindəki bioresursların artırılması təşəbbüsləri ilə bağlı da demək olar. Məsələn, bu gün ölkədə balıqartırma zavodları fəaliyyət göstərir və onlar sənaye üsulu ilə ovlanan balıq növlərinin tükənməsinin qarşısını almaq üçün süni şəkildə balıq körpələri yetişdirib, su hövzələrinə buraxırlar. Bununla belə, ölkədə biomüxtəlifliyin tükənməsinin qarşısının alınması olduca aktualdır. Bunu, müxtəlif səbəblərdən ölkədə, xüsusilə də su hövzələrində bioresursların xeyli dərəcədə azalması aydın şəkildə göstərir. Mövzu barədə müsahibimiz bu sahədə müxtəlif aksiya və təşəbbüslər həyata keçirən Azərbaycan Balıqçılar İttifaqının sədri, ekspert Əfqan Əliyevdir.
-Əfqan bəy, ölkəmizdə bioresursların artırılması və bərpası istiqamətində bir sıra təşəbbüslər həyata keçirilir. O cümlədən, sizin rəhbəri olduğunuz Azərbaycan Balıqçılar İttifaqının (ABİ) təşkilatçılığı ilə bununla bağlı bir sıra aksiyalar keçirilib. Bu barədə ətraflı məlumat verməyinizi istərdik.

-Azərbaycan Balıqçılar İttifaqı 2014-cü ildə yaradılandan, ölkənin su hövzələrində balıqçılığa aid bütün prosesləri izləyərək, bir sıra lazımi tədbirlər və qaydalar barədə tövsiyələr vermək, maarifləndirmək məqsədilə bioresursların qorunması və inkişafı üçün tədbirlər proqramı tərtib edərək fəaliyyətə başlamışdır. Bu sahədə bir neçə balıqçılıq və idman turnirləri keçirmiş, su hövzələrinə körpə balıq növlərinin buraxılmasının təşkilatçılıgında iştirak etmiş, cəmiyyətdə balıqçılıq idmanına, su hövzələrinin və ətrafının təmiz saxlanılmasına, onun canlılarına qarşı qayğı və diqqətin xeyli artırılmasına töhfə vermişik. ABİ bu ilin sonuna qədər daxili su hövzələrinə 250-300 min çəki balığının buraxılmasını planlaşdırır, hazırda balıqlar xüsusi nəzarətlə adaptasiya üçün ayrılmış yerə gətirilmişdir.

-Ölkəmizin hansı ərazilərindəki su hövzələrində bu baxımdan aksiyalara ehtiyac var?
-ABİ rəhbəri olaraq mütəmadi şəkildə ölkənin su hövzələrində keçirilən monitorinqlərdə şəxsən iştirak etdiyim üçün deyə bilərəm ki, hazırda ölkənin bütün su hövzələrinin balıqlaşdırılmasına ehtiyacı var, əsasən böyük və içməli su anbarlarının və Xəzərlə əlaqəsi olan çay və kollektorların balıqlaşdırılması vacibdir. Bunu da bir sıra məqamlardan izah etməyi vacib bilirəm. Məsələn, əsasən həşəratlar yumurtalıqlarını su hövzələrində qoyur, bunlardan biri də bir çox xəstəliklərin yayılmasına səbəb olan ağcaqanadlardır ki, süfrəsini (yumurtalıqlarını) su hövzələrindəki qamışlıqların kök hissəsində qoyur, həmin su hövzələrindəki balıqların bu süfrələrlə qidalanması, həşəratların artmasının qarşısını almaqla bir sıra xəstəliklərin yayılmasının da qarşısını alır.

-Suya buraxılan balıqlarla bağlı əhali arasında hansısa maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdırmı?

-Azərbaycanda bu sür tədbirlərin həyata keçirilməsi üçün qeyri-dövlət təşkilatları ilə balıqartırma, təbiətə qayğı, flora və faunaya dəstək sahəsində görüşlər, brifinqlər, konfranslar keçirilməlidir. Bu tədbirlərdə mütləq olaraq, ilk sırada orta məktəblərdə, hətta uşaq baxçalarında təbiətə və onun canlılarına məhəbbəti aşılamaq lazımdır. Məsələn, uşaq baxçalarında akvariumlar təşkil edib, uşaqlarda su bioresurslarına sevgi, məhəbbət aşılamaq lazımdır.
-Azərbaycanda bu cür aksiyaların, təşəbbüslərin uğurla həyata keçirilməsi üçün hansı qaydalara və normalara əməl edilməlidir?
-Azərbaycanda ilk növbədə, balıqartırma sahəsini genişləndirmək üçün populyasiya dönəmi qadağan olunmuş vaxta əməl edilməli, mütləq şəkildə həmin yerlərin təyinatına yenidən baxılmalı, qadağa tarixlərinin yerinin və tarixinin dəyişdirilməsinin vacibliyi və qəti şəkildə Xəzərə birləşən çaylar və kollektorlara sənaye balıq ovu üçün verilən kvotalar dayandırılmalıdır, populyasiya üçün səmərəli olan kollektorlar və qoruqların ərazisində hər hansı bir balıq ovu üsulunun istifadəsinə icazə verilməməlidir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da Ekologiya Polisi yaradılmalı və ya tam olaraq bu sahənin qorunması üçün balıqçılığa aid dövlət qurumu olmalıdır. Əks halda, Azərbaycanın su bioresursları məhvə məhkumdır.
AzVision.az



Teqlər:





Xəbər lenti