Türk Birliyi Rusiya və ABŞ arasında - TƏHLİL
Budəfəki Zirvə toplantısı türkdilli ölkələrdə turizmin inkişafına həsr olunub və əsas müzakirələr bu mövzu ətrafında aparılıb. Eyni zamanda, dövlət rəhbərlərinin ikitərəfli görüşləri də keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələcəkdə hansısa formada türk dövlətlərinin ittifaqının yaranması üçün baza rolunu oynaya bilər. Hazırkı məqamda isə Şura oxşar mədəni dəyərləri paylaşan, ortaq etnik və tarixi kökləri olan dövlətlərinin birgə məşvərət qurumu kimi qiymətləndirilir. Hələ ki, geosiyasi anlamda real təsir gücünə malik, tam mənası ilə bir-birinə inteqrasiya olunmuş və vahid mövqedən çıxış edən turk ölkələrinin ittifaqından söhbət gedə bilməz. Ancaq eyni zamanda, TDƏŞ-in üzv ölkələr üçün yaratdığı üstünlüklər və gələcək üçün vəd etdiyi perspektivlər də inkar edilməməlidir.
Əslində TDƏŞ üzvlərinin qəbul etdiyi ən önəmli və effektiv qərar türkdilli ölkələrin xaricdə olan diasporlarının vahid mərkəzdə birləşmələri və birgə fəaliyyət göstərmələridir. Çünki diaspora fəaliyyətinin kökündə etnik eyniköklülük, eyni millətə mənsubluq dayanır. Erməni, yaxud yəhudi diasporasının effektiv fəaliyyətinin əsil səbəbi bu diasporlarda milli kimlik baxımından vahid mövqenin olmasıdır. Tarixin hansı dövründə hansı dövlətə köç etmələrindən asılı olmayaraq erməni, yaxud yəhudi şəxs eyni adlı millətin nümayəndəsi kimi tanınır və özünü tanıdır. Belə olan halda onların diaspor üzvlərinin sayı da daha artıq olur və idarəolunmaları da asanlaşır.
Məsələn, Azərbaycan üçün xaricdə azərbaycanlılardan ibarət diaspor yaratması üçün yalnız XX əsrin əvvəllərindən bu yana və məhz Azərbaycandan köç etmiş şəxslər yaxud onların törəmələrinin birləşdirməsi lazımdır. Halbuki, özünü azərbaycanlılarla eyni kökdən hesab edən şəxslərin sayı daha artıqdır və onların vahid mərkəzdə, oturuşmuş və daha təsirli ideallar ətrafında birləşməsi xeyli effektiv olar. Eyniylə bu misal Türkmənistan, Qazaxıstan və Qırğızıstana da aiddir. Azərbaycan da daxil olmaqla, bu ölkələr ABŞ-da formalaşmış kifayət qədər güclü olan türk diasporunun köməyindən yararlana bilmirlər, həmçinin Türkiyə Rusiyadakı post sovet türkdilli respublikalarının lobbisindən öz xeyrinə istifadə etmək iqtidarından məhrumdur. Odur ki, vahid türk diasporasının formalaşması hər bir ölkənin marağına tam uyğun olmaqla yanaşı, xarici dövlətlərdə daha təsirli, daha effektiv və daha çox sayılan diaspora qüvvəsini yaranmasına vəsilə olacaq.
TDƏŞ üzvlərinin digər beynəlxalq qurumlarda razılaşdırılmış mövqedən çıxış etmələri üzv ölkələr üçün əlavə üstünlüklər vəd edir. Bundan əlavə, müxtəlif sahələrdə əməkdaşlığın tədricən genişləndirilməsi gələcək tam mənalı inteqrasiya üçün zəmin yaradır.
Türkdilli ölkələrin milli-etnik zəmində inteqrasiya olunması və bu inteqrasiyanın getdikcə iqtisadi-siyasi xarakter alaraq daha da dərinləşməsi və nəhayət, hansısa ittifaqa çevrilməsi hələ ki, ABŞ-ın maraqlarına uyğundur. Çünki türk dövlətləri Çinin qərb sərhəddindən ta Türkiyənin Avropa hissəsinə qədər böyük bir coğrafi məkanı əhatə edir və Rusiyanın siyasi təsir gücünün cənuba irəliləməsi önündə böyük bir sədd çəkir. Qazaxıstan və Qırğızıstan Rusiyanın təzyiqləri altında Avrasiya ittifaqına qoşulmaq məcburiyyətində qalıblar. Bu dövlətlər türdilli ölkələrlə iqtidadi əməkdaşlıq sayəsində tədricən Rusiyanın iqtisadi asılılığından çıxa bilərlər.
Digər tərəfdən, milli-etnik zəmində bu ölkələrin birləşməsi Yaxın Şərqdəki müsəlman dövlətləri ilə dini zəmində yaxınlaşmaya və müsəlman birliyinin yaranmasına mane olacaq. Unutmaq olmaz ki, Rusiyada və Çində yaşayan türkdilli xalqlar var ki, onlar başqa dinə sitayiş etsələr də, milli kimliklərini unutmurlar. Türk dövlətlərinin birliyi müəyyən mərhələdən sonra Çin, Rusiya, İran kimi regional güc mərkəzlərinin də narahatçılıq keçirməsinə şərait yaradacaq. Çünki bu dövlətlərdə yaşayan etnik türklərin milli mənsubiyyət haqlarını tələb etmələri üçün əlavə stimul yaranacaq.
Təbii ki, hər bir sağlam ittifaqın bərqərar olması üçün dövlətlərin qarşılıqlı interrasiyasını təmin edən əsas amil qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqdır. Digər məsələlər – etnik eyniköklülük, eyni dil, vahid mədəni dəyərlər, vahid ideologiya ittifaqın möhkəmliyini xidmət edən ikinci dərəcəli faktorlardır. Əslində dövlətlərarası iqtisadi bağlılığı təmin edən və bu bağlılığın yaranması üçün əsas yaradan dövlət Azərbaycandır. Azərbaycanla Türkiyənin neft, qaz və dəmir yol xətləri ilə birləşməsi, Türkmənistanın Azərbaycan Türkiyə əməkdaşlığına qoşulması gələcək türk ittifaqının iqtisadi inteqrasiyasını formalaşdıran özüldür. Bu inteqrasiyanın başlanğıcında isə müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan kəməri dayanır.
Şübhəsiz ki, Rusiya türk dövlətlərinin inteqrasiyasını istəmir. Çünki Orta Asiya onun təsir dairəsindən çıxır, eyni zamanda aralıqda Gürcüstan türklərə qoşulur. Dünya miqyasında son cərəyan edən hadisələr isə onu göstərir ki, Rusiya özü Azərbaycanla Türkiyənin iqtisadi əməkdaşlıq oxuna daxil olacaq. Avropa Birliyi Rusiyanın çəkdiyi “Cənub axını” qaz xəttinin öz ərazisinə keçməsinə qəti qadağa qoydu və Bolqarıstanda gedən inşaat işləri dayandırıldı.
Rusiya üçün cənuba qaz çəkmək üçün yeganə yol Türkiyə ərazisinə keçmək və TANAP-a qoşulmaq qalır. Əslində, Türkiyənin Rusiya ilə birliyə qoşulmaq istəyinin altında Rusiyanı dolayı yolla onunla birliyə dəvət etməsi dayanır. Rusiyanın türk dövlətləri ilə əməkdaşlığa daxil olması iqtisadi cəhətdən Moskva üçün xeyirli ola bilər, lakin bu zaman artıq ruslar `böyük qardaş` rolunu oynaya bilməyəcək..
Tofiq Əsgərov
AzVision.az
Teqlər: