İnsan relslərin arasında uzansa, sağ qala bilərmi?

   İnsan    relslərin arasında uzansa,    sağ qala bilərmi?
  07 İyul 2023    Oxunub:3138
Bəzən belə ehtimallar eşidirik ki, əgər insan relslərin arasında uzansa, qatarın altı hündür olduğu üçün, gəlib keçəndə ona xətər toxunmayacaq. Bəs əslində necədir?
Metroda relslərin stansiyadan keçən hissəsində onların arası bilərəkdən dərin düzəldilir ki, təsadüfən ora yıxılan şəxs qatardan qoruna bilsin. Amma yerüstü dəmir yollarında relslərin arasında belə dərinlik yoxdur. Relslər birbaşa şpalların üstünə bərkidilir. Hətta çox vaxt şpallar da bir neçə santimetr çınqıla (torpağa, qrunta) daldığından, hündürlüyü azalır.

Lokomotivin önündə relslərdəki yad əşyaları kənara atmaq üçün xüsusi çalov var. Onun aşağı səthi relslərdən 12-18 sm. yuxarıda olur. Relsin özünün hündürlüyü 15-19 sm. arasında dəyişir. Deməli, relslərin arasında uzanmış insanın zərbədən yayınmaq üçün gizlənə biləcəyi cəmi 27 sm.-lik ara var. Arıq adam üçün bu məsafə bəlkə də kifayət edə bilər. Amma hər halda, risk son dərəcə böyükdür.


Məsələ bununla da bitmir. Adətən qatarın altında hansısa iri cisimlər sallanır – məsələn, pnevmatik sistemin şlanqı, yaxud, nasaz tormoz “kolodka”ları kimi. Bu halda relslərin arasında sağ qalmaq şansı kəskin azalır.

Deyilənləri belə yekunlaşdırmaq olar: Əgər qatar insanı qəfil yaxalasa, başqa variant yoxdursa, son çarə kimi relslərin arasında uzanmağı sınamaq olar. Bu halda sağ qalmağa ən azından, şans var. Amma başqa heç bir halda bu barədə hətta düşünmək də lazım deyil.

Samir Quliyev
AzVision.az



Teqlər: Sual   Qəza  





Xəbər lenti