"Titan"ın imploziyası: Ekipaj saniyədən də tez ölüb

"Titan"ın imploziyası:  Ekipaj saniyədən də tez ölüb
  23 İyun 2023    Oxunub:4016
Bu həftə dünya içərisində 5 turist olan "Titan" batiskafının axtarışları prosesini həyəcanla izlədi. Dünən məlum oldu ki, "Titanik" gəmisinin qalıqlarına baxmaq üçün Atlantik okeanının 4 min metrliyinə enmiş sualtı qayıqda olanlar artıq ölüblər.
Ehtimal edilir ki, xeyli dərinlikdə olan batiskafı suyun güclü təzyiqi məhv edib.

Axtarış işlərinə cəlb edilən xüsusi sualtı aparatlar "Titanik"in qalıqları yaxınlığında batiskafın parçalanmış hissələrini aşkar ediblər. Qalıqlar tapılandan dərhal sonra aparatda olmuş 5 nəfərin ailələrinə faciə ilə bağlı məlumat verilib.

"Titanik"də ölmüş milyarderi batan "Titan"la nə bağlayır?
Əvvəlcə güman edilirdi ki, batiskaf zədələnibsə və problem tez zamanda aradan qaldırılıbsa, gəmi heyətinin 96 saatlıq oksigen ehtiyatı qala bilər. İyunun 18-də başlayan eniş prosesindən 1 saat 45 dəqiqə sonra "Titan"nın bağlı olduğu "Polar Prince" adlı gəmi ilə əlaqəsi kəsilib. Sualtı qayıqda olan heyət sonuncu dəfə iyunun 18-i, bazar günü saat 11:47-də əlaqəyə çıxa bilib.

Partlayış saatda 2,4 min kilometr sürətlə baş verib

O da məlum olub ki, qayığın ekipajı fəlakətli "imploziya" (Güclü xarici təzyiq altında obyektin daxildən partlayaraq məhv olması-red.) nəticəsində həlak olub. Sadə dillə desək, "Titan"ın konstruksiyası yəqin ki, təxminən 3,8 min metr dərinlikdə suyun təzyiqinə tab gətirə bilməyib. Təzyiqlə eyni vaxtda gəminin içərisində olan oksigen çənləri də partlayışın güclü olmasına səbəb olub.

Mütəxəssislər qeyd edirlər ki, sualtı qayığın konstruksiyasındakı ən kiçik qüsur belə bu faciənin yaranmasına səbəb ola bilər.

“Orada təzyiq hər kvadrat düym üçün təxminən 4-5 min funtdur (kvadrat sm. üçün 280-350 kq-red.) ki, bu da qurudakı təzyiqdən 350 dəfə çoxdur. Belə şəraitdə hətta kiçik bir sızıntı gəmini dərhal məhv edə biləcək imploziyaya səbəb ola bilər”, - 2005-ci ildə "Titanik" ekspedisiyasında iştirak etmiş Underwater Forensic Investigators şirkətinin baş direktoru Tom Maddoks deyib.

Mütəxəssislər sualtı qayığın strukturunu və onun məhv olması ilə bağlı ehtimal edilən səbəbi nəzərə alaraq belə qənaətə gəliblər ki, partlayış anında 5 nəfər dərhal, heç nə dərk etmədən ölüb.

Ekspertlərin fikrincə, sualtı qayığın partlaması ilə bağlı ehtimal olunan səbəbləri nəzərə alsaq, ekipaj üzvləri partlayış anında inanılmaz surətlə canlarını tapşırıblar.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti və Florida Beynəlxalq Universitetinin professoru Eylin Marti CNN-ə açıqlamasında deyib ki, dərinlikdə üzən batiskafın üzərində belə bir həcmdə təzyiq olubsa, partlayış bir millisaniyənin bir hissəsində baş verib. Onun sözlərinə görə, bu cür situasiyada partlayış saatda 2,4 min kilometr sürətlə baş verir. Bu səbəbdən də insan beyninin nə baş verdiyini dərk etməyə belə vaxtı olmur.

Ölənlərin cəsəd qalıqlarını tapmaq mümkündürmü?


ABŞ Sahil Mühafizəsinin sözçüsü turistlərin yaxınlarına cəsəd qalıqlarını tapacaqları ilə bağlı vədlər verməyib. Bildirilib ki, hələlik belə dərinliklərdə, son dərəcə əlverişsiz şəraitdə cəsədlərin aşkarlanaraq çıxarılması perspektivi yoxdur. Bununla belə, axtarışlar dərinlikdə hərəkət edə bilən sualtı aparatlardan istifadə etməklə bir müddət davam edəcək.

Faciə ilə bağlı səsləndirilən digər maraqlı versiya isə "Titan"ın "Titanik"in qalıqları ilə toqquşmasıdır. Amma bu iddialar real görünmür. Çünki batiskafın qalıqları "Titanik"dən xeyli aralıda tapılıb. Gəminin parçalanmış bir neçə böyük hissəsi "Titanik"in "burnu"ndan təxminən 488 metr aralıda olub. Hər iki gəminin qəzaya uğradığı yer isə Kanadanın şərq sahilindən, Sent Cons şəhərindən təxminən 640 km aralıda yerləşir.

Xatırladaq ki, məhv olan "Titan" “OceanGate” şirkətinə məxsus idi. Batiskaf turistləri "Titanik"in qalıqları olan əraziyə aparmalıymış. O, dörd kilometrə qədər dərinliyə enə bilən yeganə mini sualtı qayıq sayılırmış. "OceanGate" isə iki il əvvəl adam başına 125.000 dollara başa gələn və əsasən alimlərdən ibarət kiçik komandalarla missiyalar reallaşdırmağa başlayıb. Son səfərdə bir nəfərlik bron 250 min dollar olub.

Faciəvi şəkildə həlak olan şəxslər ABŞ, Fransa və Böyük Britaniyanın vətəndaşları imiş. Ölənlərədn biri əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbünə getmiş 58 yaşlı səyyah Hamiş Hardinqdir. Bundan başqa, “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş, 48 yaşlı britaniyalı iş adamı Şahzadə Davud da faciəvi qəzanın qurbanı olub. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Batiskafda onun 19 yaşlı tələbə oğlu Süleyman Davud da olub. Nəhayət, 5-ci faciə qurbanı Fransız Dəniz Donanmasının keçmiş dalğıcı, 77 yaşlı Pol-Anri Narqoledir. O, “Titanik” qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qayıq   Okean   Titanik   Partlayış   Axtarış   Ekipaj  





Xəbər lenti