Dollar qlobal mövqeyini itirə bilərmi? – Ekspert rəyi

   Dollar qlobal mövqeyini itirə bilərmi? –    Ekspert rəyi
  28 May 2023    Oxunub:5316
Getdikcə daha çox ölkə qarşılıqlı ticarətdə ABŞ dollarından imtina edərək, öz milli valyutasına keçir. Məsələn, Braziliya prezidenti Luis İnasiu Lula da Silva BRİKS ölkələri arasında ticarətdə dollara alternativ valyutadan istifadə etməyi təklif edib.
"Niyə Braziliya ilə Çin, yaxud digər BRİKS ölkələri arasında ticarət əlaqələrində istifadə ediləcək valyuta olmamalıdır?"- deyə Lula da Silva sual etmişdi.
Maraqlıdır, Amerikanın milli pulu dünyanın ehtiyat valyutası rolunu itirə bilərmi?

Ukraynalı iqtisadçı Aleksandr Oxrimenko AzVision.az -a açıqlamasında əks sual qoyub: BRİKS öz valyutasını yarada bilər, lakin bu valyuta kiməsə lazım olacaqmı?
- ABŞ dollarını çox söymək olar, lakin o, dünya valyutasıdır. Braziliya dollarla dünyanın istənilən ölkəsindən mal ala bilər, lakin Braziliya pesosu və ya BRİKS pulu ilə ala bilməz.- ekspert deyib.- Bir vaxtlar Fars körfəzinin neft hasil edən ölkələrinin valyutasını dollara alternativ etmək ideyası var idi, lakin heç kim o pulu almaq istəmədiyi üçün hər şey uğursuz oldu.

Ekspert bu müstəvidə Rusiya Federasiyası ilə Hindistan arasında yaranan problemə toxunub: “Rusiya Hindistana çoxlu neft satıb və Hindistan onun pulunu rupi ilə ödəyib. Amma indi heç kəs bu pullarla nə edəcəyini bilmir. Rupiləri dollara və ya avroya çevirmək mümkün deyil, Hindistanın Rusiyaya rupiyə sata biləcəyi mallar isə çox baha başa gəlir”.

Oxrimenkonun fikrincə, dollardan imtina etmək barədə danışmaq olar, amma bu qeyri-realdır. Hazırda beynəlxalq hesablaşmaların təxminən 60%-i ABŞ dolları, 30%-i isə avro ilə aparılır. Avronun yaranmasına qədər beynəlxalq hesablaşmaların 80%-i dollarla həyata keçirilirdi. Gələcəkdə avronun payı 40%, hətta 50% ola bilər. Amma bu halda yenə də dolların avro ilə əvəzlənməsi, yaxud bunun əksi baş verəcək.

“Milli valyutalar isə heç kəsə maraqlı deyil. Hətta Çin yuanı da dünyada ehtiyat valyuta kimi işlənmir, çünki onu dollara dəyişmək çətindir. Çoxlu məhdudiyyətlər və qadağalar var”, - ekspert vurğulayıb.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti