İranın iddialarının hüquqi əsası yoxdur– TƏHLİL

İranın iddialarının hüquqi əsası yoxdur– TƏHLİL
  11 Aprel 2013    Oxunub:2346
Son günlərdə İran İslam Respublikasının parlamentində faktik olaraq Azərbaycana qarşı ərazi iddiası daşıyan bəyanatlar səslənməkdədir. İranlı deputatların verdikləri bu bəyanatlarda deyilir ki, “Azərbaycan rəhbərliyi İran əleyhinə yönəlmiş yanlış addımlarından əl çəkməsələr, parlamentdə rüsvayçı və bizə zorla sırınmış Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq”.

“Fars” xəbər agentliyinin məlumatına görə, bu sözləri Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur deyib. İki gün əvvəl isə Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən oxşar bəyanat səsləndirərək demişdi ki, parlamentin bəzi üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.

Bu, onu göstərir ki, məsələ İranda məqsədli şəkildə qaldırılır. Yəni deputatların öz fərdi təşəbbüsü deyil. Bəs bu iddiaların – yəni Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxılmasının,- hüquqi əsası varmı?

Mediada bu məsələnin tarixi aspektlərinə artıq aydınlıq gətirilib. Belə ki, 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə vəziyyət bir də dəyişib və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıyıb.
1921-ci il müqaviləsinə görə, Azərbaycana məxsus bir sıra sərhəd məntəqələri Irana verilib. Ona görə də, indi əkisinə, Azərbaycan 1921-ci ildə İrana keçən sərhəd məntəqələrini tələb edə bilər.

Məsələnin beynəlxalq hüquq tərəfinə gəlincə, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə indiki sərhədləri daxilində tanıyıb.
Belə ki, İki ölkənin arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında 1993-cü il oktyabrın 28-də Bakı şəhərində Memorandum imzalanmışdır.

Bundan əlavə, iki ölkə arasında bağlanan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilədə deyilir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası “...suverenlik, müstəqillik, ərazi bütövlüyünə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olaraq...” münasibət qururlar.

Yeni dövlətlərin yaranması zamanı meydana çıxan ərazi mübahisələrini AzVision.az-a şərh edən hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət Yusifova bildirdi ki, belə hallarda beynəlxalq hüquqda “Uti possidetis” prinsipindən çıxış edilir. Bu prinsipə görə bir dövlət bir neçə dövlətə parçalandıqda onun daxili inzibati sərhədləri avtomatik olaraq beynəlxalq sərhədlərə çevirilir, beynəlxalq sərhədləri isə olduğu kimi qalır. Bu prinsip keçmiş SSRİ-nin İranla sərhədlərinə də aiddir. Bu prinsip ilk dəfə Latın Amerikasında İspaniya imperiyası dağıldıqdan sonra yaransa da, sonradan bütün dünyaya yayılmış və son dəfə Keçmiş Yuqoslaviya üzrə Arbitraj Komissiyasının Məşvərətçi rəyində bir daha təsdiqlənmişdir. Beynəlxalq Məhkəmə ərazi mübahisələrində daim bu prinsipə istinad edir.

Yəni İran deputatlarının istinad etdiyi müqavilələr bu gün hüquqi yox, ancaq tarixi sənədlərdir. Onların əsasında heç bir ərazi iddiası irəli sürülə bilməz. Sürülsə də, bu, ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilə və Beynəlxalq Məhkəmənin baxış predmeti ola bilər. Və Beynəlxalq Məhkəmədə həmin iddianın əleyhinə qərar qəbul ediləcəyi də heç bir şübhə doğurmur.

Bu prinsiplər su sərhədlərinə də şamil olduğundan, İranın Xəzərlə bağlı iddialarının da heç bir hüquqi əsası yoxdur. Sadəcə, Xəzərin statusu məsələsi çərçivəsində İran ərazi iddiaları qaldırmağa cəhd göstərir və qondarma “hər sahilyanı dövlətə 20% pay“ konsepsiyasını irəli sürür.

Buradan aydın olur ki, iranlı deputatların səsləndirdikləri bəyanatlar daha çox daxili siyasi məqsədlərə hesablanmış PR məqsədli gedişlərdir və heç bir halda hüquqi nəticə doğura bilməz.

Tariyel Həsənov

Qalereya




Teqlər:  





Xəbər lenti