İranda 6 ərəb edam oluna bilər

İranda 6 ərəb edam oluna bilər
  13 May 2023    Oxunub:1931
Beynəlxalq Amnistiya Təşkilatı mayın 12-də “Şeyban Əhvaz” həbsxanasında edam cəzasına məhkum edilmiş altı ərəb vətəndaşının gözlənilən edamı ilə bağlı xəbərdarlıq bəyanatı yayıb.

AzVision.az bildirir verir ki, Təşkilatın bununla bağlı yaydığı bəyanatda məcburi etiraflar almaq üçün bu məhbusların işgəncələrə məruz qaldığına dair təfərrüatlar sadalanaraq, səlahiyyətli qurumlardan bu altı məhbusun onların edamına dair istənilən hərəkəti dayandırmaq və ölüm hökmlərini dərhal “ləğv etmək” tələb olunub.

“Əli Mocəddəm, Məhəmməd Rza Müqəddəm, Moin Xənfəri, Həbib Dəris, Adnan Ğəbişavi və Salem Musəvi edam təhlükəsi altındadır. Bu məhbusların qrup mühakiməsi son dərəcə ədalətsiz olub və hətta məhkəmə zamanı onlar seçdikləri vəkillə görüşmək imkanından məhrum ediliblər. Məhkəmə orqanları bu məhbuslara “ölüm hökmünün surətini və şəklini” belə təqdim etməyiblər. Əhvaz İnqilab Məhkəməsi bu məhbuslardan işgəncə yolu ilə alınan məcburi etiraflar əsasında onları mühakimə edib və ölüm hökmü çıxarıb” - bəyanatda deyilir.

Yeri gəlmişkən, müddət əvvəl Şeyban Əhvaz həbsxanasında saxlanılan bu altı məhbusun mayın 5-dən bir nəfərlik kameraya salınması ehtimalı barədə insan haqları təşkilatları xəbərdarlıq yaymışdılar.

Maraqlıdır ki, öz vətəndaşlarının təməl hüquqlarının təminatı yönündə beynəlxalq insan haqları təşkilatlarının çağırışlarına və xəbərdarlıqlarına etinasızlıq sərgiləyən, iranlı etirazçılara divan tutan, onları edən İrandakı teokratik rejim, əcnəbilərlə bağlı daha loyal davranır. Məsələn, bir müddət əvvəl İranda “casusluq”da ittiham olunaraq həbs edilmiş fransalı Benjamen Brieri və Bernar Felanı Tehrandakı teokratik rejim vaxtından tez azadlığa buraxaraq, əlüstü Fransaya yollayıb. Fransanın Xarici İşlər naziri Ketrin Kolonna bildirib ki, ölkəsinin Tehrandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Böhran və Dəstək Mərkəzi İran həbsxanasında saxlandıqları bütün müddət ərzində Benjamen Brieriyə və Bernar Felana dəstək verib.

Bir neçə gün əvvəl isə Fransanın “Əmək qüvvəsi” həmkarlar ittifaqı Tehranı ötən il mayın 1-də İranda təhülkəsizlik qüvvələri tərəfindən həbs olunmuş fransalı Sesil Koller və onun əri Jak Parisi azad etməyə çağırıb. Bununla bağlı Fransanın “Əmək qüvvəsi” həmkarlar ittifaqının yaydığı bəyantda həmin insanların heç bir günahı olmadığı bildirilir.

“Bu iki nəfərin həbsi üçün heç bir əsas yoxdu və heç bir səbəb də göstərilməyib. Aydındır ki, yalnız həmkarlar ittifaqı fəalı olmaq İran hakimiyyəti üçün bəhanə idi”, - bəyanatda deyilir.

Son vaxtlar Ermənistana və erməniçilik iideoloqlarına xüsusi “sevgi” sərgiləyən Tehran-Paris tandeminin Sesil Koller-Jak Paris cütlüyünün azadlığa buraxılması məsələsində də ortaq məxrəcə gələcəkləri şübhə doğurmur. Sözsüz ki, yalançı ittihamlarla həbsə salınmış hər bir insanın həbsdən buraxılması alqışlanmalıdır. Amma bu məsələdə selektiv yanaşma olmamalıdır. İran isə hələlik bu “humanizm”i Fransa vətəndaşlarına münasibətdə sərgiləyir. Görünür, Tehrandakı mövcud teokratik rejim öz sələfinin məhz Fransadan İrana ixrac olunduğunu yaxşı xatırlayır və həmin tarixi “xidmət”ə görə Parisə minnətdarlığını bu şəkildə bildirir.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az



Teqlər: İran   edamlar  





Xəbər lenti