Ermənilərin X-gələcəyi, yaxud “rentgen”də görünənlər - Ədalət Verdiyevin yazısı

      Ermənilərin X-gələcəyi,    yaxud “rentgen”də görünənlər  -     Ədalət Verdiyevin yazısı
  08 May 2023    Oxunub:4516
Yeni "Laçın" nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Qanun çərçivəsində sərhədi keçməkdə kimsə problemlə qarşılaşmır. Nəzarətimizdən kənar olduğu vaxt bu yoldan Qarabağa bəzən rus sülhməramlılarının gözü qarşısında, bəzən isə hətta onların elə birbaşa iştirakı ilə qanunsuz yüklər - hərbi avadanlıq, texnika, silah, mina və hərbi heyət daşınırdı. Bunu edənlər indi çox narahat olublar. Çünki NBM-də silah-sursat və digər qadağan olunmuş yükləri aşkarlayacaq müasir avaqdanlıqlar quraşdırılıb.
Seperatçıları ən çox narahat edən avadanlıq Böyük Britaniyanın "Smiths Detection" şirkətinin Rentgen şüası ("X-ray technology") ilə işləyən NCV-M tipli mobil skaneridir. Bu qabaqcıl texnologiyaya əsaslanan avadanlıq təhlükəsizliyi yaxşılaşdırır, vaxt aparan əl ilə yoxlamaların sayını azaldır və 24/7 reimdə ticarətin sərbəst hərəkətini təmin edir. Sistem gömrük nəzarəti məntəqələrində, nəqliyyat infrastrukturu obyektlərində minik və yük maşınlarının, konteynerlərin içindəkilərə nəzarəti həyata keçirməyə imkan verir. Texniki pasportunda verilən məlumatlara görə HCV-M saatda 25-ə qədər yük maşınını yoxlamaq imkanına malikdir.

Avadanlıq 400 mm-ə qədər (müasir tankların zirehinin ən qalın hissəsi) olan korpusdan daxilə nüfuzetmə qabiliyyətini təmin edir. O, narkotikdən siqaretə, patrondan silaha qədər əksər qaçaq malları aşkarlamaq qabiliyyətinə malikdir.

Avadanlığın idarəetmə mərkəzində mürəkkəb proqram təminatının köməyi ilə əldə edilən bütün rentgen şəkilləri və əlaqəli məlumatlar sürətli təhlil üçün mərkəzləşdirilmiş DMS-nə (Məlumat İdarəetmə Sistemi) ötürülür. Operator yük məlumatlarını - gömrük bəyannaməsini, şəxsiyyət vəsiqəsini, dövlət nömrə nişanını, sürücülük vəsiqəsini yoxlayır və qısa müddətdə yükün keçidi ilə bağlı qərar verir.
İkin yoxlama zamanı aşkarlanan potensial şübhəli materiallar SABER 5000 detektorları vasitəsilə daha dərindən analiz edilir.

Göründüyü kimi, Azərbaycan azad edilən 10 min kv. km. ərazini həm minalardan təmizləyir, həm bərpa edir, həm əhalini doğma yurd-yuvalarına qaytarır, həm aeroportlar inşa edir, həm yeni hərbi hissələr yaradır, həm yeni silahlar alır, həm də bütün bunları edərkən sərhəd və təhlükəsizlik məsələlərində də heç bir qənaətə yol vermir. Sərhəd, Qarabağ, Zəngəzur və təhlükəsizlik məsələləri yaxın perspektivdə Azərbaycan dövlətinin əsas prioritetləri olacaq.

Tarixinin ən rəzil mərhələsini yaşayan Ermənistanın isə Azərbaycana və onun suveren ərazilərində həyata keçirdiyi fəaliyyətə qarşı müqavimət potensialı sıfırın altındadır. Ermənistan rəzalətinin sona çatmasını istəyirsə, Tükiyə və Azərbaycan ilə münasibətlərdə səmimi və dürüst olmalı, məğlubiyyətini qəbul edib, sülh sazişini imzalamalıdır. Əks halda əldə edəcəyi tək seçim döyüş əməliyyatlarının bərpasıdır. Buna isə Ermənistan hazır deyil. Postmüharibə dövründə Ermənistan nə bir dənə yeni hərbi hissə yarada bilib, nə də müharibə itkilərini bərpa edib.

Diqqəti çəkən ancaq dənizsiz Ermənistanın 2 dənə işlənmiş skuter alaraq Göyçə gölündə 95 nəfərlik su patrul bölməsi yaratmasıdır. Patrul bölməsinin rəsmi vəzifəsi "brakonyerlərlə mübarizə" göstərilsə də, əslində mən Ermənistan hakimiyyətinin tarixi gölümüzün bizə tərəf yerdəyişməsindən narahat olduğunu düşünürəm.

Odur ki, Ermənistan ya qondarma dövlətçiliyi itirməkdə davam edərək, mövcudluğunu şübhə altında qoyacaq, ya da Azərbaycanıın şərtləri altında sülh sazişini imzalayacaq. İrəvan vaxt uzatmaq cəhdlərinə son verməsə, Bakının şərtləri getdikcə daha da sərtləşəcək. Yaxud, Göyçənin bizə tərəf yerdəyişməsi daha da sürətlənə bilər...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Laçın   Sərhəd   NBM   Ermənistan  





Xəbər lenti