Britaniyada tərəvəz böhranı kəskinləşib – FOTOLAR

// Adalarda son 45 ilin ən güclü bahalaşması qeydə alınıb

   Britaniyada tərəvəz böhranı kəskinləşib –    FOTOLAR
  24 Fevral 2023    Oxunub:2487
Artıq üçüncü həftədir ki, Britaniyada ciddi tərəvəz qıtlığı yaşanır. “Asda”nın ardınca ölkənin ikinci böyük supermarket şəbəkəsi olan “Morrisons” da tərəvəz satışını məhdudlaşdırıb. Daha sonra isə “Aldi” və “Tesco” şəbəkələri də onlara qoşulublar.
“Daily Mail” yazır ki, pomidor, xiyar, bibər, kartof, kələm, brokkoli kimi məhsullar hər müştəriyə 2-3 ədəddən artıq satılmır.

Böhranın səbəbi yüksək enerji qiymətləri üzündən istixanalarda tərəvəz yetişdirməyin son dərəcə baha başa gəlməsidir. Fermerlərin çoxu qazın pulunu ödəyə bilmədikləri üçün istixanalarını sadəcə olaraq, söndürüblər. Bu isə özünü marketlərdəki boş piştaxtalarda büruzə verib. Boş pişaxta fotoları hazırda Britaniyanın sosial şəbəkələrində ən çox paylaşılan şəkillərdəndir.

Vəziyyəti qəlizləşdirən odur ki, 2022-ci ilin iyununda adalarda temperatur 40 dərəcədən yuxarı qalxmaqla qeydə alınan dördüncü ən isti yay yaşanmış, dekabrda isə kəskin, uzunmüddətli şaxtalar düşmüşdü. Üstəlik, Britaniyaya əsas tərəvəz ixracatçıları olan İspaniyanın cənubunda anormal soyuq hava, Mərakeşdə isə daşqınlar əkinləri məhv etdiyindən, vəziyyət daha da ağırlaşıb.


Nəticədə Britaniyada ərzağın qiyməti son 45 ildə ən sürətli templə artmaqdadır: Yanvar ayında 16.7% bahalaşma qeydə alınıb. İspaniyada yaşanan iqlim problemləri zeytun yağının qiymətinin xüsusilə kəskin qalxmasına səbəb olub.

Atertondakı “The Snug Coffee House”un sahibi Reyçel Flejçek BBC-yə deyib ki, xeyli müddətdir yumurta tapa bilmək üçün mübarizə aparırdı, indi isə pomidor, ispanaq və göyərti qeybə çəkilib: “Sabaha ərzaq tədarükümüzü tutmaq üçün supermarketlərə gedəndə ancaq boş, tərsinə çevrilmiş yeşikləri görürük. Bu isə biznesimizə də təsir göstərir, çünki lazım olan ərzaqları almaq üçün uzağa getməyə məcbur oluruq, nəticədə yanacağa xərcimiz də çox çıxır”.

Məsul şəxslər böhranın həftələrlə davam edəcəyini deyirlər. Yerli hökumət tərəvəz idxalı üçün alternativ tədarükçülər axtarır.

Tariyel Həsənov
AzVision.az
Fotolar BBC-nin saytındandır


Teqlər: Britaniya   Böhran   Qıtlıq   Bahalaşma  





Xəbər lenti