"Putin dərindən yanıldı" - Bayden

   "Putin dərindən yanıldı" -    Bayden
  20 Fevral 2023    Oxunub:1293
ABŞ prezidenti Co Bayden Ukraynaya artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla kritik avadanlıqların verildiyini açıqlayıb.
ABŞ prezidentinin müvafiq bəyanatı Ağ Evin saytında dərc olunub.

“Dünya Rusiyanın Ukraynaya qəddarcasına təcavüzünün ildönümünü qeyd etməyə hazırlaşarkən, mən prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləmək üçün bu gün Kiyevdəyəm”, - Bayden deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin təxminən bir il əvvəl bu işğala başlayanda Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı.

"O, düşünürdü ki, bizdən çox yaşayacaq. Amma dərindən yanıldı", - bəyanatda deyilir.

Bayden bildirib ki, bu gün Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və komandası ilə Ukraynaya dəstək mövzusunda geniş müzakirələr aparmaq üçün görüşür.

"Ukrayna xalqının hava bombardmanlarından qorunmasına kömək etmək üçün artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla, kritik avadanlıqların növbəti çatdırılmasını elan edəcəyəm", - ABŞ prezidenti bildirib.

O, həmçinin anti-Rusiya sanksiyalarının elan olunduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Co Bayden Kiyevə səfərə gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti