Dağıntıda qalan jurnalistdən çətin qərar: "Biləyimi kəsin"

     Dağıntıda qalan jurnalistdən çətin qərar:    "Biləyimi kəsin"
  20 Fevral 2023    Oxunub:1465
İskəndərunda yerli “Səs” qəzetində çalışan və Türkiyə Jurnalistlər Cəmiyyətinin oradakı nümayəndəsi olan Akın Bodur zəlzələdə anası ilə birgə yaşadığı binanın dağıntıları altında qalıb.
82 yaşlı anası həyatını itirsə də jurnalist həyatda qalmışdı. Ancaq vəziyyəti elə də ürək açan deyildi, sağ qolu və iki ayağının üzərinə beton yığınları düşmüşdü. Zəlzələnin ilk anlarıydı. Dağıntılar altından çığırışlar gəlirdi. O, zəlzələ fəlakətinin miqyasını təxmin edirdi.

Akın Bodur xilasetmə qruplarının dərhal şəhərə çatmayacağını bildiyi üçün oradan çıxmaq ümidini itirmişdi. Ona yaxın yaşayan qardaşlarının evləri də dağılmışdı. Dağıntılar altında qalan yaxınlarını xilas etdikdən sonra dərhal qardaşları Akın Bodurun yanına gediblər.

Əllərində olan alətlərlə Bodurun nəfəs almasına şərait yaradıblar. Ayaqlarını dağıntılardan xilas etsələr də sağ qolunu çıxara bilmirlər.

Akın Bodur həyatının ən çətin qərarını verməsinə səbəb olan anları belə izah edib:

"Nə baş verdiyini soruşanda dedilər ki, sol qolum çox sıxılıb. Bayırda danışırdılar, eşidirdim. Qoluma dəmir girmişdi. Ancaq axtarış-xilasetmə qruplarının alətləri ilə xilas ola biləcəyimi dedilər. Qardaşım "kömək çağıracağıq" dedikdə o anda köməyin gecikə biləcəyini bilən biri kimi “dərhal biləyimi kəsin” deyə bir qərar verdim.

Qardaşım və dostları əvvəlcə buna qəti sürətdə etiraz etdilər. “Kəsməsəniz, burda öləcəyəm” deyə təkid etdim. Təcili yardım çağırmağa çalışsalar da, telefonlar işləmədiyi üçün onlarla əlaqə yarada bilmədilər. Onlara bildirdim ki, "mən hazıram, biləyimi kəsin". Sonra kiçik cib bıçağı ilə sol biləyimi kəsdilər. Onsuz da biləyim dəridən sallanmış vəziyyətdə idi. Sonra nə baş verdiyini xatırlamıram. Müəllim olan qardaşım çıxardığı sviterlə qanlı biləyimi sarımış və məni xəstəxanaya aparıblar. Bir saat gözlədikdən sonra əməliyyata girdim və qolum dirsəkdən kəsildi”.

Akın Bodur ilk müalicəsinin ardından Hatay Dörtyol Dövlət Xəstəxanasına aparılıb. Burada o, ayağından əməliyyat olunub. Daha sonra təcili yardım təyyarəsi ilə əvvəlcə Adanaya, daha sonra İstanbula göndərilib. O, Atakent Acıbadem Xəstəxanasında növbəti dəfə əməliyyat olunub. Jurnalistin müalicəsi davam edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti