"Dünyada miqrantların sayı 280 milyonu ötüb" - BMT

1970-ci ildə dünyada 84 milyon, 1990-cı ildə isə 153 milyon miqrant qeydə alınıb. Ümumilikdə, beynəlxalq miqrantların sayı son 50 ildə üç dəfədən çox artıb.
Digər tərəfdən, ölkə daxilində mühacirlərin sayı ölkəni tərk edənlərdən qat-qat çoxdur.
İnsanların böyük əksəriyyəti iş, təhsil səbəbindən üçün beynəlxalq miqrasiyaya müraciət edirlər. Onların bir qismi münaqişələr, təqiblər, təbii fəlakətlər, bir qismi isə müxtəlif faciəli hadisələr səbəbindən evlərini, ölkələrini tərk etmək məcburiyyətində qalırlar.
İmmiqrantlar daha çox Avropa (87 milyon) və Asiyada (86 milyon) yaşayır. Bu iki regionda dünya mühacirlərinin 61 faizi məskunlaşıb. Sonrakı sıralarda 20,9 faiz ilə Şimali Amerika və 9 faiz ilə Afrika gəlir.
Beynəlxalq mühacirlərin sayının iki dəfədən çox artdığı (təxminən 7 milyondan 15 milyona qədər) Latın Amerikası və Karib dənizi regionu həm də beynəlxalq immiqrantların ən yüksək artım tempinə malik regiondur.
Okeaniyada 9 milyon beynəlxalq miqrant yaşadığı halda, bu qitədəkilər bütün mühacirlərin təxminən 3,3 faizini təşkil edir.
2019-cu ildə dünyada təxminən 169 milyon miqrant işçi olub. Bu isə qlobal rəqəmlərin təxminən üçdə ikisini (62 faiz) təşkil edir. Dünya üzrə miqrantların 78%-i əmək qabiliyyətli yaşdadır (15-64 yaş). Əməkçi miqrantların 67 faizi (113,9 milyon nəfər) yüksək gəlirli ölkələrdə, 49 milyon (29 faiz) əməkçi miqrant orta gəlirli ölkələrdə, 6,1 milyon işçi (3,6 faiz) isə aşağı gəlirli ölkələrdə yaşayır.
Aytən Zəhra
AzVision.az
Teqlər: