Hərbi cani Sarkisyan sülhməramlıların tərəfini tutdu

    Hərbi cani Sarkisyan  sülhməramlıların tərəfini tutdu
  14 Dekabr 2022    Oxunub:1132
"Ermənistan hakimiyyəti öz problemlərini Rusiya sülhməramlılarının üzərinə atmamalıdır". AzVision.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti, hərbi cani Serj Sarkisyan İrəvanın mərkəzində keçirilən mitinqdə deyib.
O, Laçın dəhlizinin bağlanmasından danışarkən sərsəm iddialar da səsləndirib. Hərbi cani qeyd edib ki, guya Azərbaycan özünün sərvətlərinin qanunsuz istismarının qarşısını almaqda maraqlı deyil, Bakı bu aksiya ilə Xankədidə oturanları tam şəkildə özünə tabe etməyə çalışır.

Onun sözlərinə görə, dəhliz probleminin həlli ilə bağlı Ermənistan rəhbərlərinə heç bir ümidin olmaması göz qabağındadır. Onlar Qarabağdakı ermənilərin taleyini həll edə bilmir, orada yaşayan separatçıların "hüquqlarını" qorumaqdan imtina ediblər.

Sarkisyan ermənilərin müttəfiqləri və dostlarının olduğunu da xatırladıb.
“Onlar dost və müttəfiq olsalar da, bizim əvəzimizə hər şeyi edə bilməzlər”, - eks-prezident problemin aradan qaldırılmasını yalnız İrəvanda görüb.

Rusiya sülhməramlılarının funksiyalarına gəlincə, Sarkisyan bağlı olduğu Kremli tərifləyib. Eks-prezidentin fikrincə hazırda rus hərbçilər guya üçtərəfli bəyanatda yazılanları uğurlu şəkildə yerinə yetirirlər.

"Öz problemlərimizi isə başqalarının üzərinə atmaq lazım deyil. 3-4 il əvvəl "köhnələr"i günahkar çıxarırdılar, indi isə Rusiyanı günahlandırırlar. Bəli, Moskvadan gözləntilərimiz daha çox idi. Amma hər şeyi məhv ola bilər, necə oldu da... Bir müttəfiqin ali rəhbərini necə ələ salmaq olar axı?" - Sarkisyan Paşinyana söz atıb.

Problemin həllini mübarizədə görən Sarkisyan başqa yolun olmadığını söyləyib. Onun sözlərinə görə, 2 il ərzində ordunu bərpa etmək mümkün idi, lakin hakimiyyət bunun əksinə gedir.

Xocalı qatili indiki halda hərbi əməliyyatların mümkün olub-olmaması ilə bağlı suala isə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, Ermənistanın radikal müxalifət partiyaları Qarabağdakı ermənilərə dəstək adı altında Respublika meydanında etiraz aksiyası keçirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sarkisyan   Sülhməramlı  





Xəbər lenti